Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Tələbələr Banqladeşdə iğtişaş yaratdılar: 4500 nəfər ölkədən çıxarıldı
Banqladeşdə işə qəbulla bağlı kvota sisteminə qarşı etirazlardan sonra başlayan iğtişaşların davam etdiyi müddətdə Hindistan ölkədən 4 500 tələbəni təxliyə edib.
Bu barədə Oxu.Az TASS-a istinadən bildirir.
Hindistan Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin verdiyi məlumata görə, Banqladeşdən qonşu Nepal, Maldiv və Butanın vətəndaşları da təxliyə olunublar.
XİN-dən əlavə edilib ki, Hindistanın Dəkkədəki səfirliyi, həmçinin, Banqladeşdə qalan vətəndaşlara lazımi dəstək göstərilməsi üçün onlarla əlaqə saxlayır.
Xatırladaq ki, Banqladeşdə etirazlar bu ayın əvvəlində, ölkədəki özəl və dövlət universitetlərindən yüzlərlə tələbənin 1971-ci ildə müstəqillik uğrunda müharibə iştirakçılarının - azadlıq uğrunda döyüşçülərin qohumları üçün işə qəbul kvotalarına etiraz etməsindən sonra başlayıb. Bu kvotaların ayrı-seçkilik olduğu hesab edilib. 170 milyon əhalisi olan ölkədə 32 milyona yaxın gənc işsizdir və ya peşə təhsili yoxdur. Onlar hesab edirlər ki, hakimiyyət işsizliklə mübarizə üçün kifayət qədər iş görmür və buna görə baş nazirin istefasını tələb edirlər.
Ölkədə komendant saatının tətbiqindən sonra hakimiyyət Dəkkəyə və ölkənin digər şəhərlərinə hərbi bölmələrin daxil edildiyini açıqlayıb.
Son məlumatlara görə, iğtişaşlarda ölənlərin sayı 163-ə çatıb və onların arasında polis əməkdaşları da var.