"ABŞ və İran atəşkəs müddəti bitənə qədər razılığa gələ bilərlər".
Oxu.Az "İzvestiya" nəşrinə istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp bildirib.
"Biz indi çox yaxşı irəliləyirik. Bəlkə də bu, daha tez baş verəcək. Müddəti uzatmağın lazım olduğuna əmin deyiləm. İran sövdələşmə bağlamaq istəyir və biz onlarla çox nəzakətli danışıqlar aparırıq", - deyə o qeyd edib.
Ağ Ev rəhbərinin sözlərinə görə, əgər atəşkəs müddəti bitənə qədər sövdələşmə bağlanmasa, ABŞ İrana qarşı zərbələri bərpa edəcək.
D.Tramp əlavə edib ki, hazırda Vaşinqtonun əsas diqqəti İran istiqamətinə yönəlib, Ukraynadakı münaqişə isə daha az prioritet yer tutur. Bununla belə, o, bu münaqişənin də tezliklə başa çatacağına ümid etdiyini bildirib.
Dövlət başçısı bildirib ki, ABŞ və İran nümayəndələri arasında növbəti görüşün həftəsonu təşkil olunması planlaşdırılır.
"Bizim çox güclü bəyanatımız var ki, onlarda növbəti 20 il ərzində nüvə silahı olmayacaq", - deyə D.Tramp bildirib. O qeyd edib ki, İran nümayəndələri öz zənginləşdirilmiş uran ehtiyatlarını ABŞ-yə təhvil verməyə razılaşıblar.
Qeyd edək ki, ABŞ ilə İran arasında aprelin 8-də iki həftəlik atəşkəs əldə edilib.