Türkiyə Konstitusiyasına prezidentin səlahiyyətlərinin artırılması ilə əlaqədar dəyişikliklərə dair referendum, çox güman ki, aprelin 16-da keçiriləcək.
Oxu.Az “Hürriyet Daily News”a istinadən xəbər verir ki, fevralın 9-da bu barədə ölkənin ədliyyə naziri Bəkir Bozdağ bildirib.
“Bu, o demək deyil ki, prezidentə parlamentdən yaxa qurtarmaq üçün hakimiyyət veriləcək”, - o bəyan edib.
RİA Novosti-nin məlumatına görə, referendumun keçiriləcəyi günü ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan elan edəcək. Bunun yaxın günlərdə baş verəcəyi gözlənilir.
Nazir qeyd edib ki, onun fikrincə, əhalinin əksər hissəsi səsvermədə “hə” deyəcək, TASS məlumat yayıb.
“Biz fəal təbliğat kampaniyası keçirəcəyik. Dəyişikliklərə qarşı çirkin oyun aparılır, biz bunu xalqa izah edəcəyik”, - o deyib.
Referendumun keçirilməsinin mümkün tarixi aprelin 9-u ola bilər.
Konstitusiyaya dəyişikliklərə dair təklifi parlamentə iqtidar Ədalət və İnkişaf Partiyası çıxarıb. Dəyişikliklər qəbul edilərsə, prezident baş nazir vəzifəsini ləğv edəcək və onun səlahiyyətlərini öz üzərinə götürəcək, əsasən, hökuməti formalaşdıra və parlamenti buraxa bilmə səlahiyyəti əldə edəcək.
N.O.
www.oxu.az