Rusiyanın Leninqrad vilayətinin Krasnı Bor qəsəbəsindəki "Wildberries" logistika bazasında PUA hücumu səbəbindən yanğın qeydə alınıb. İlkin ehtimallara görə, hadisə nəticəsində xəsarət alan olmayıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Wildberries" və "Russ" (RWB) birləşmiş şirkətinin mətbuat xidmətindən açıqlama verilib.
"Şirkətin Krasnı Borda (Leninqrad vilayəti) yerləşən logistika obyektinə hücum nəticəsində yanğın meydana gəlib. Ərazidə yanğınsöndürmə briqadaları cəlb olunub. Obyektdə vaxtında təxliyə prosesi aparılıb. İlkin məlumata əsasən, zərərçəkən yoxdur", - deyə məlumatda qeyd olunub.
Həmçinin vurğulanıb ki, cari yüklərin qəbulu müvəqqəti olaraq məhdudlaşdırılıb və mallar digər obyektlərə yönləndirilib.
Moskva vilayətinə gecə saatlarında edilən dron hücumu nəticəsində beş nəfər həlak olub, daha altısı isə yaralanıb.
Oxu.Az xəbər verir ki, bu barədə bölgə qubernatoru Andrey Vorobyov məlumat verib.
"Bu gün səhər saatlarında hava hücumundan müdafiə qüvvələri Moskva vilayətinə PUA hücumunun qarşısını alıb. Əfsuslar olsun ki, həlak olanlar və xəsarət alanlar var. İlkin məlumatlara görə, beş nəfər dünyasını dəyişib, daha altı nəfər isə yaralanıb. Bütün zərərçəkənlərə lazımi tibbi yardım göstərilir. Həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verirəm", - deyə Vorobyov "Maks"dakı kanalında qeyd edib.
Qubernatorun sözlərinə görə, dronların Moskva vilayətinə hücumu nəticəsində Çexovdakı Novoselok sənaye zonasında da bir neçə yanğın hadisəsi qeydə alınıb.
"Novoselok sənaye zonasında PUA-ların düşməsi səbəbindən bir neçə yanğın baş verib. Ən böyük yanğın anbarda olub və oradakı alov artıq söndürülüb. Həmçinin, elektrik yarımstansiyasına və inzibati binaya ziyan dəyib", - Vorobyov "Maks" kanalındakı paylaşımında bildirib.
Qubernatorun sözlərinə görə, hadisə yerində yanğınsöndürənlər və bütün çevik müdaxilə xidmətləri öz işlərini davam etdirirlər.