Yaponiyada ABŞ-nin iki vətəndaşı məşhur "Panç" ləqəbli meymunun yaşadığı yapon makakalarının volyerinə daxil olduqları üçün cərimələnib.
Oxu.Az "Yomiuri" qəzetinə istinadən xəbər verir ki, Tiba regional prokurorluğu amerikalıların hər birini 300 000 yen (təxminən 1 900 dollar) məbləğində cərimələyib.
Buna səbəb volyerə qanunsuz daxil olmaqla zooparkın fəaliyyətinə zərər vurulması olub.
Hadisə may ayında İtikava şəhərinin zooparkında baş verib. Polisin məlumatına görə, saxlanılan şəxslər 24 yaşlı tələbə və bir şirkətin 27 yaşlı rəhbəri olub.
İstintaq müəyyən edib ki, tələbə maskot kostyumu geyinərək və maska taxaraq volyerə daxil olub. Onun yoldaşı isə baş verənləri videoya çəkib.
Xatırladaq ki, "Panç" adlı yapon makakası yer aldığı görüntülərin sosial şəbəkələrdə yayılmasından sonra Yaponiyanın hüdudlarından kənarda da tanınmağa başlayıb. Anası ondan imtina etdikdən sonra meymuna faktiki olaraq valideynini əvəz edən oranqutan oyuncağı verilmişdi. "Panç"ın videoları qısa müddətdə bütün dünyada böyük populyarlıq qazanıb.