Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Xüsusi rejim qərarından sonra mağazalarda vəziyyət necədir? - REPORTAJ + FOTO/VİDEO
Martın 13-də Nazirlər Kabineti yanında operativ qərargahın qəbul etdiyi qərarla Azərbaycan ərazisində xüsusi rejimin tətbiqinə başlanılıb.
Bu rejim Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən koronavirus infeksiyasının qlobal pandemiya elan olunduğunu nəzərə alaraq və virusun qarşısının alınması istiqamətində ÜST-ün tövsiyə və tələblərindən irəli gələrək, tətbiq olunub.
Hökumət ölkə ərazisində bir sıra təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini zəruri hesab edib.
Beləliklə, bir ay müddətində kütləvi tədbirlərin təxirə salınması qərara alınıb. Həmçinin, dövlət və özəl sektora aid qurumlardan, vətəndaşlardan xüsusi qaydalara ciddi riayət etmələri tələb olunub.
Hökumətin qəbul etdiyi ölkə əhalisinin sağlamlığı və milli mənafeyimizin qorunmasına hesablanmış qərarlardan sonra ölkə vətəndaşları arasında bəzi yanlış anlaşılmalar olub. Sözsüz ki, sosial şəbəkələrdə əsası olmayan yalan-yanlış məlumatların dolaşması, kütləvi paylaşılması da buna təsirsiz ötüşməyib.
Elə bu informasiyalar fonunda bir neçə gündür mağazalarda kütləvi alış-veriş müşahidə olunur, bununla bağlı müxtəlif informasiyalar tirajlanır.
Oxu.Az-ın əməkdaşları bu məlumatların nə qədər həqiqəti əks etdirib-etdirmədiyini yerində öyrənmək üçün şəhərin bir sıra böyük marketlərinə və anbarlara baş çəkiblər.
Müşahidə zamanı mağazalardakı piştaxtalarda və anbarlarda bütün məhsul çeşidləri üzrə bolluğan olduğunun şahidi olduq.
Baş çəkdiyimiz mağazalardan birinin müdiri Toğrul Məmmədov bildirib ki, marketdə hər növ məhsul tapmaq mümkündür:
“Bütün məhsullardan var. Firmalar da hər bir məhsulu verir. Heç bir mal sıxıntımız yoxdur. Piştaxtalar lazımi məhsullarla təmin olunub.
Yəni əhalinin qida məhsulları tələbatının ödənilməsində heç bir problemimiz yoxdur”.
T.Məmmədov qeyd edib ki, anbarlarda da məhsullar var:
“Anbarlarda iki aydan çox satışı təmin edəcək məhsullar var. Şirkətlərdə məhsulların gətirilməsi ilə bağlı məhdudiyyət yoxdur.
Hər kəs öz evinə lazım olan ərzaqları alırlar. Hazırda çərəz məhsulları alınır. O da qarşıdan gələn Novruz Bayramı ilə əlaqədardır”.
Mağazada alış-veriş edən sakinlərlə də söhbətləşdik.
Onlar bildirdilər ki, ərzaqların olmaması ilə bağlı panika yaratmaq düz deyil:
“Bütün ərzaqlardan lazım olan qədər almalıyıq. Çünki bizdən başqa insanlar da var, onlar da qida almalıdırlar. Demək olar, istədiyimiz məhsulları tapırıq. Panikaya düşmək lazım deyil”.
Baş çəkdiyimiz digər mağazalarda da ərzaq məhsulları təchizatında heç bir problemin olmadığını müşahidə etdik. Mağazada iş əvvəlki qaydada davam edirdi.
Mağaza müdiri Əliverdi Hüseynov bildirib ki, marketdə məhsul qıtlığı yoxdur:
“Son günlər qida məhsulları qıtlığının yaranması ilə bağlı yayılan şayiələr əsassızdır. Bütün məhsullar var. Şirkətlərə məhsullarla bağlı verdiyimiz sifarişlər vaxtında bizə gətirilir. Gördüyünüz kimi, anbarlarda məhsullar var. Problemimiz yoxdur. Müştərilərin istədiyi qədər məhsul var”.
“Anbarda üç aylıq məhsullar var. Şirkətlər sifarişləri vaxtında gətirdiyi üçün buraya beş-altı aylıq məhsul yığmağın mənası yoxdur. Əsas məqsəd keyfiyyətli qidaları insanlara təqdim etməkdir”.
Qeyd edək ki, ötən gün İqtisadiyyat naziri Mikayıl Cabbarov son günlər mağazalarda müşahidə olunan kütləvi alışla bağlı məsələyə münasibət bildirən hazırda ticarət şəbəkələri, mağazalar və anbarlarda gündəlik tələbat malları, o cümlədən, ərzaq məhsulları ilə bağlı kifayət qədər ehtiyatın mövcud olduğunu və panikaya heç bir əsasın olmadığını bildirib:
“Bu gün ölkədə bütün əsas məhsullar üzrə ehtiyatlar mövcuddur. Mal və məhsulların kifayət qədər ehtiyatı var. Alınan mallar yeniləri ilə əvəz olunur və olunacaq”.
Onun sözlərinə görə, iqtisadi təhlükəsizlik məsələləri Azərbaycan hökumətinin diqqət mərkəzində olub və olacaq:
“Ölkənin ərzaq təhlükəsizliyinin etibarlı təmin olunması üçün ehtiyatlar mütəmadi monitorinq olunaraq qiymətləndirilib. Hazırda koronavirus təhlükəsi ilə bağlı ölkəmizin sərhədlərində tətbiq edilən məhdudiyyətlər isə yükdaşımalara şamil edilmir”.
İlhamə Əbülfət
FOTO: Ramil Zeynalov
"Mikayıl Cabbarov" teqi üzrə xəbərlər
- Mikayıl Cabbarov AZAL-ın təyyarəsinin qəzaya uğraması ilə bağlı paylaşım edib
- İqtisadiyyat Nazirliyinin təltif olunmuş əməkdaşlarına orden və medallar təqdim edilib
- Mikayıl Cabbarov İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib
- Mikayıl Cabbarov "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşdü
- Tatarıstan Rəisi Rüstəm Minnixanov ölkəmizə üç avtobus bağışladı
Rəylər