2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunları Əlaqələndirmə Komitəsinin oktyabrın 28-də ikinci toplantısı keçirilib.
Oxu.Az xəbər verir ki, Avropa Oyunlarını yüksək səviyyədə keçirmək üçün yaradılan Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva toplantıda iştirak edib.
Toplantıya sədrlik edən M.Əliyeva bildirib ki, bu oyunlar Azərbaycan üçün etimad, yeni imkanlar və çox böyük öhdəlik deməkdir:
“Bu gün Azərbaycan idman ölkəsi kimi tanınır və bizim ölkəmizdə mötəbər yarışların keçirilməsi ənənə halını alıb. Azərbaycanda mütəmadi olaraq Avropa və dünya çempionatları keçirilir. Həm bizim qonaqlar, həm də mütəxəssislər bu tədbirlərin yüksək səviyyədə keçirildiyini təsdiqləyirlər. Azərbaycanda keçiriləcək birinci Avropa Oyunları Avropa idman hərəkatında yeni dövrün başlanğıcı, Azərbaycan isə bu tarixin ilk səhifəsini yazan ölkə olacaq.
Bir daha qeyd etmək istərdim ki, Azərbaycan xalqı bu oyunları dəyərləndirir və ölkəmizin Avropa idmanının tarixində çox böyük rol oynayacağı bu oyunlarla bağlı məsuliyyətini dərk edir. Eyni zamanda, Azərbaycan hökuməti oyunlara hərtərəfli dəstək verir, onun uğurla keçməsi və Avropa idmançılarının parlaq çıxışları üçün əlindən gələni edir”.
M.Əliyeva Avropa Oyunlarının Əlaqələndirmə Komitəsinin birinci iclasından sonra keçən dövrdə bir çox nailiyyətlərin əldə edildiyini vurğulayaraq bildirib ki, bugünkü iclasda görülən işlər haqqında təfərrüatlı təqdimatlar olacaq.
Artıq idman yarışlarının cədvəl layihəsi tərtib olunub, oyunlarda iştirak edəcək rəsmilərin, idmançıların, həmçinin medalların sayı və yarışların baş tutacağı günlər nəzərdən keçirilib. İdman tədbirlərinin təşkil olunacağı məkanların siyahısı tamamlanıb, maliyyə məsələləri təhlil olunub.
M.Əliyeva Olimpiya şəhərciyində aparılan işlər haqqında da danışıb, qeyd edib ki, media şəhərciyinin inşa ediləcəyi yer müəyyən olunub, Avropa Olimpiya Oyunlarının rəsmi internet saytının ilkin versiyası yaradılıb, kommunikasiya strategiyası işlənilib, oyunların yayımı məsələsi ilə bağlı razılıq əldə edilib.
Bakı şəhərinin oyunlara hazırlıq səviyyəsinin mühüm əhəmiyyət daşıdığını deyən M.Əliyeva bu gün Azərbaycan paytaxtının inkişafı ilə bağlı layihələrin icra olunduğunu, yeni aeroportun inşa edildiyini, istirahət məkanlarının, parkların salındığını diqqətə çatdırıb.
M.Əliyeva qalan müddətdə bütün əlaqəli qurumlar arasında sıx əməkdaşlığın təmin olunmasının vacibliyini bildirib və Avropa Oyunlarının yüksək səviyyədə keçəcəyinə əminliyini ifadə edib.
Tədbirə rəhbərlik edən və tənzimləyən Beynəlxalq Olimpiya Komitəsinin yüksək rütbəli üzvü və Avropa Olimpiya Komitəsinin Prezidenti Patrik Hikki bildirib:
“Bakı 2015” tədbirin təşkilatçıları atletləri bu Oyunlara hazırlıq işlərinin önünə qoyublar və Kənddə lazımi qaydada qurulmuş və xidmət göstərən otaqlar və yaşayış sahələri isə, 2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa Oyunlarında iştirak edən atletlər üçün mümkün qədər ən gözəl şəraitin təmin edilməsinə yönəlmiş düşüncənin sübutudur”.
İdman tədbirinin planlaşdırılması işlərinə rəhbərlik edən Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov qeyd edib:
“Biz Oyunlar üçün yeni, mövcud və müvəqqəti məkan və strukturların gözəl kombinasiyasına malikik və 21 stadion ilə qurğuların əksər hissəsinə aid hazırlıq işləri xeyli irəliləyib. Bu, Oyunlar zamanı atletlər üçün yüksək keyfiyyətli məkanların tərəfimizdən təmin edilməsi üçün gələn aylar ərzində stadion və idman mərkəzlərinin yoxlanılması və mükəmməl şəkildə uyğunlaşdırılmasına diqqət yetirmək imkanını yaradacaq”.
Bakıda Avropa Oyunlarının Təşkilat Komitəsinin baş icraçı nümayəndəsi Cim Şer bildirib:
“Biz bu yaxınlarda Oyunlara qalan 600 gün tarixini qeyd etdik və ümidvarıq ki, Bakıya gələn qonaqlar şəhər və qitənin ilk Avropa Oyunlarına vaxtı davamlı şəkildə hesablayan halda get-gedə artan yarış həyəcanı və enerjini hiss etməyə başlaya bilər”.
www.oxu.az