Formula 1 yarışlarında mübarizə aparan ən məşhur pilotlar Bakıda Formula 1-in ən yeni və ən sürətli şəhər treki sayılan Bakı Şəhər Halqasında bu yay yenidən yarışmağı həyəcanla və səbrsizliklə gözlədiklərini bildiriblər.
Oxu.Az xəbər verir ki, Bakıda keçiriləcək növbəti Formula 1 yarışından əvvəl Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) rəsmi veb-səhifəsinə eksklüziv müsahibə verən pilotlar gözoxşayan mənzərəyə sahib Bakıya və Formula 1-in ən yeni şəhər trekinə qayıtmaqdan böyük məmnunluq duyduqlarını bildiriblər.
Serxio Perez: “Müasir və tarixi görkəmə, təzadlı mənzərəyə sahib Bakını çox bəyəndim. İndiyədək səfər etdiyim şəhərlər arasında ən gözəlidir”.
Valteri Bottas: “Bakıya yenidən səfər etmək çox xoşdur. Ötən il mənim üçün böyük sürpriz olmuşdu və mən həqiqətən bu şəhəri çox bəyənmişdim”.
Fernando Alonso: “Bizi hər zaman gülərüzlə və ehtiramla qarşılayan insanlarla yenidən görüşməyi səbirsizliklə gözləyirəm... Biz digər treklər müqayisədə Bakıda olduqca böyük sürətə nail olmuşduq.”
Felipe Massa: “Bakıda yenidən yarışmağı böyük həyəcanla gözləyirəm... Biz ötən il Bakıda iki saniyədən az müddətə pit-stop əməliyyatı reallaşdıra bildik və bu həqiqətən də inanılmaz dərəcədə böyük uğur idi.”
Maks Ferstappen: “Bakıda insanlar çox mehribandır və şəhər hər yönü ilə çox gözəldir”.
Roman Qrojan: “Bakı treki çox həyəcanvericidir. Trekin bəzi hissələri çox dar, bəzi hissələri isə olduqca genişdir”.
Kevin Maqnussen: “Builki geniş təkərli bolidlərlə Bakı trekinin ensiz hissələrində mübarizə aparmaq ötən ilə nisbətən daha çətin olacaq”.
İ.N.