İsveçrənin “Qrenhen” dördüncü divizion klubu, komanda dostluq görüşündə “Lüserna” gənclər komandasına 0:10 hesabı ilə uduzduqdan sonra, 11 futbolçu ilə əməkdaşlığa son qoymağı qərara alıb.
Oxu.Az xəbər verir ki, bu barədə Solothurner Zeitung yazıb.
“Bu, çox sərt səslənir, amma həmin futbolçular liqanın səviyyəsinə müvafiq deyillər. İşlər yaxşı getməyəndə nə isə etmək lazımdır. Mən az danışıb, çox iş görənlərdənəm”, - klubun idman direktoru Renato Brun bəyan edib.
Qeyd edilib ki, qovulan oyunçulara oyundan dərhal sonra əşyalarını götürmə göstərişi verilib. Baş məşqçinin istefası dəqiqləşdirilmir.
Qovulan futbolçuların çoxu bu davranışdan təəccüblənib və İsveçrənin daha yüksək futbol idarələrinə şikayət etmək niyyətindədirlər. Hələlik isə “Qrenhen”in rəhbərliyinin oyunçulara müqavilələrin təcili ləğv edilməsinə görə kompensasiya ödəməyə hazır olub-olmamaları məlum deyil.