İtaliya "İnter"inin qapıçısı Xosep Martinesi əlil arabasındakı qoca kişini vuraraq öldürdüyü üçün 7 ilə qədər həbs cəzası gözləyir.
Oxu.Az "Foot Mercato" nəşrinə istinadən xəbər verir ki, hadisə oktyabrın 28-də səhər saatlarında baş verib. 81 yaşlı kişi futbolçunun və tibb işçilərinin göstərdiyi ilkin tibbi yardıma baxmayaraq, hadisə yerində keçinib.
Ehtimallardan birinə görə, əlil arabasında olan şəxs səhhəti pisləşdiyindən istiqamətini qəfil dəyişərək yola çıxıb.
Komo Prokurorluğu adamöldürmə faktı ilə bağlı təhqiqat aparır və faciənin səbəblərini araşdırır.
İtaliya cinayət qanunvericiliyinə görə, futbolçunu 2 ildən 7 ilə qədər həbs cəzası gözləyir.
İspaniyalı qapıçının 27 yaşı var. Futbolçu "İnter"ə 2024-cü ilin yayında İtaliyanın "Cenoa" klubundan keçib.