Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Las-Veqasda qorxu və nifrət – FOTO/VİDEO
ABŞ-ın Las-Veqas şəhərində bütün dünyanın gözlədiyi döyüş baş tutdu. Əslən dağıstanlı olan qarışıq döyüş növləri üzrə idmançı Həbib Nurməhəmmədov irlandiyalı Konor Makqreqorla üz-üzə gəldi.
Çəki mərasimində və digər tədbirlərdə Makqreqorun hərəkətləri döyüşə marağı daha da artırmışdı. Lakin irlandiyalının Həbibi təhqir etməsi, onu “siçovul” adlandırması, “ilk raundda işini bitirəcəyi” kimi atmacalar elə özünə qaldı.
Barışmaz rəqiblərin döyüşünü izləmək üçün 20 min insan, o cümlədən amerikalı məşhurlar, “T-Mobile” arenasına toplaşmışdılar. Bundan əlavə ekran qarşısında döyüşü milyonlara tamaşaçı izləyib.
Arenada Makqreqor alqışlarla qarşılansa da, Nurməhəmmədovu fitə basdılar.
Döyüşün Bakı vaxtı ilə səhər saat saatlarında keçirilməsinə baxmayaraq, Azərbaycanda da tamaşaçılar tərəfindən böyük maraqla qarşılandı və müzakirə olundu. Ölkəmizdə daha çox dağıstanlı idmançıya rəğbət bəslənirdi.
Nurməhəmmədovu asan məğlub edəcəyinə inanan Makqreqor ilk saniyələrdən hücuma atıldı. Lakin rusiyalı idmançı artıq birinci raundun ortalarında irlandiyalını rinqin kənarında sıxaraq döyüşün kimin diktəsi altında keçəcəyini başa saldı.
İkinci raundda bir dəqiq zərbə ilə rəqibini pis vəziyyətə salan Nurməhəmmədov daha sonra parter vəziyyətində ona çoxlu sayda zərbələr endirdi. Makqreqorun fanatları artıq vəziyyətlə barışmışdılar.
Döyüşün gedişini Nurməhəmmədov müəyyənləşdirirdi. Üçüncü raundda ayaq üstə mübarizəyə üstünlük verən rusiyalı döyüşçü dördüncü raundda rəqibini boğucu fəndə salıb onu təslim olmağa məcbur etdi.
Arenada bütün nifrət və təhqirlərə baxmayaraq Nurməhəmmədov öz sözünü göstərdiyi döyüşlə dedi.
Bu Nurməhəmmədovun karyerası ərzində 27-ci döyüşü və 27-ci qələbəsi idi. Dağıstanlı idmançı hələlik məğlubedilməzdir. Makqreqor isə keçirdiyi döyüşlərin 21-də qələbə qazanıb, və bu onun dördüncü məğlubiyyəti idi.
Ümumilikdə bir tərəfin digərindən açıq-aşkar üstün olması səbəbindən tamaşaçılar üçün döyüş gözlənilən qədər maraqlı alınmadı.
Lakin döyüşdən sonra baş verənlər səhər yuxusuna haram qatıb ekran qarşısına əyləşən tamaşaçıların ürəyincə oldu.
Nurməhəmmədov onun dinini və atasını təhqir edən Makqreqorun komandasının nümayəndəsinin üzərinə cumdu. Oktanqondan kənarda da, öz gücünü göstərməyə çalışan dağıstanlı döyüşçü kütləvi davaya səbəb oldu. Bundan əlavə Həbibin komandasından Zubayra Tuhuqov oktanqona daxil olaraq Makqreqora arxadan yumruq zərbəsi endirdi. Təhlükəsizlik qüvvələri araya daxil olaraq tərəfləri güclə sakitləşdirə bilib.
Bəziləri Nurməhəmmədovun bu addımını dəstəklədilər, digərləri onu sona qədər dözümlü olmağa çağırdılar. Rusiyalı idmançıya nifrət bəsləyən amerikalı fanatlar isə onu təhqir etməyə və tribunalardan müxtəlif əşyalar atmağa başladılar.
Nəticədə Nurməhəmmədov döyüşün qalibi elan olunsa da, ona çempion kəməri təqdim edilmədi.
Döyüşdən sonrakı mətbuat konfransında rusiyalı idmançı baş verənlərə görə üzrxahlıq etdi və onu bu hərəkətini başa düşməyə çağırdı:
“O, mənim atamı və dinimi təhqir etdi. Bu idmandır, bir-birimizə hörmətlə yanaşmalıyıq. Bilirəm, evə qayıdanda atam məni cəzalandıracaq. Baş verənlərə görə bütün Las-Veqas və komissiya üzvlərində üzr istəyirəm”.
UFC prezidenti Deyna Uayt jurnalistlərə açıqlamasında Həbib Nurməhəmmədovun ya cərimə , ya da diskvalifikasiya ediləcəyini bildirdi.
D.Uayt həmçinin qeyd etdi ki, araşdırmanın sonuna qədər Nurməhəmmədov qonorarını almayacaq və əgər diskvalifikasiya uzunmüddətli olacaqsa, rusiyalı idmançı çempion kəmərindən məhrum edilə bilər. Qeyd edək ki, Nurməhəmmədov döyüşə görə iki milyon dollar, Makqreqor isə üç milyon dollar qonorar almalıdır.
Bir sözlə bu vaxta qədər Makqreqorun bütün idmandankənar hərəkətlərinə dözən Nurməhəmmədov sonda bir çılğın hərəkətinə görə hər şeydən məhrum ola bilər.
Ümumilikdə Nurməhəmmədovun qələbəsi heç cür müzakirə oluna bilməz. O, rəqibindən bir neçə dəfə üstün döyüş göstərdi. Dağıstanlı idmançını hətta Rusiya prezidenti Vladimir Putin də zəng edərək təbrik edib.
Makqreqor isə döyüşdən sonra Nurməhəmmədovdan revanş istədi. Sosial şəbəkə istifadəçiləri Makqreqoru “döyülməkdən bezmədin”, “yeni uzadacaqlar yerə” və sairə kimi şərhlərlə onun revanş ala bilməyəcəyini vurğulayırlar.
Bəlkə də, Makqreqor əvəllki formasını qaytara bilsə, təkrar döyüşdə öz sözünü təkcə dillə yox, döyüşü ilə də deyə biləcək.
Ümumilikdə Nurməhəmmədov və Makqreqor arasındakı ilk görüşü yaddaşlarda böyük qalmaqalla qaldı.
UFC rəsmiləri isə nə qədər bunun əleyhinə olduqlarını desələr də, onların bu şoudan böyük qazanc əldə etdikləri heç kimə sirr deyil.
Seymur Baxşev
www.oxu.az