Argentina milli komandasının hücumçusu və kapitanı Lionel Messi 2026-cı il dünya çempionatında vurduğu ilk qoldan sonra göz yaşlarını saxlaya bilməyib.
Oxu.Az xəbər verir ki, ulduz futbolçu oyundan sonra göz yaşlarının səbəbi barədə açıqlama verib.
O bildirib ki, buna səbəb son günlərdə şəxsi həyatında olduqca çətin anlar yaşaması olub:
"Bəli, ilk qoldan sonra ağladım, lakin bunun futbolla heç bir əlaqəsi yox idi. Bəzi çətin günlər yaşadım, lakin bütün nümayəndə heyətinə və komanda yoldaşlarıma minnətdaram. Çünki onlar hər zaman yanımda oldular və mənə böyük güc verdilər. Futbol oynamağı sevirəm, bu, uşaqlıqdan mənim ehtirasım olub".
Qeyd edək ki, Argentina yığması dünya çempionatının qrup mərhələsinin ilk matçında Əlcəzair komandasını 3:0 hesabı ilə məğlubiyyətə uğradıb. Görüşdə het-trik edən Messi, dünya çempionatlarında vurduğu qolların sayını 16-ya çatdırıb. Bu göstərici ilə o, dünya birinciliklərinin ən yaxşı bombardirləri siyahısında təkbaşına liderlik edən almaniyalı Miroslav Klozenin rekordunu təkrarlamağı bacarıb.
Turnirin ikinci turu çərçivəsində isə Argentina millisi iyunun 22-də Avstriya yığması ilə qüvvəsini sınayacaq.