"İnter Mayami" klubunun argentinalı hücumçusu Lionel Messi ailəsi ilə birlikdə atası Xorxe Messinin dəfn mərasimində iştirak edib.
Oxu.Az xəbər verir ki, bu barədə EFE məlumat yayıb.
Mərasim Argentinanın Rosario şəhəri yaxınlığındakı El-Prado qəbiristanlığında dar çevrədə və gücləndirilmiş təhlükəsizlik tədbirləri şəraitində keçirilib.
Messi bir gün əvvəl həyat yoldaşı Antonela Rokuzzo və övladları ilə birlikdə Rosariyoya gəlib. Daha sonra o, anası Seliya Kuççittini, qardaşları Matias və Rodriqo, bacısı Mariya Sol ilə birlikdə dəfn mərasimində iştirak edib. Hava limanının və qəbiristanlığın qarşısına toplaşan azarkeşlər futbolçuya dəstək mesajları göndəriblər.
Xatırladaq ki, Xorxe Messi avqustun 8-də uzun sürən xəstəlikdən sonra 68 yaşında Rosariodakı xəstəxanada vəfat edib. O, oğlunun bütün peşəkar karyerası boyunca onun agenti olub.
Xorxe Messinin səhhətində problemlərin olduğu barədə məlumatlar 2026-cı il dünya çempionatı zamanı, iyunda yayılmışdı. Argentina millisinin Əlcəzairlə ilk oyunundan sonra Lionel Messi ağlamış və bir neçə çətin gün keçirdiyini bildirmişdi. Ailəsi isə həmin vaxt Xorxe Messinin həkim nəzarətində olduğunu və müalicə aldığını açıqlamışdı.