"Napoli"nin baş məşqçisi Antonio Konte A Seriyasında ikioyunluq diskvalifikasiya ilə üzləşib və 15 min avro cərimə edilib.
Oxu.Az "Football Italia"ya istinadən xəbər verir ki, buna "İnter"ə qarşı keçirilən gərgin matç zamanı (2:2) insident səbəb olub.
Oyunun ikinci hissəsində "Napoli"nin qapısına penalti təyin ediləndə Konte özündən çıxıb. Məşqçi əsəbi halda yan xətt yaxınlığında topa zərbə endirib, bu hərəkəti ilə dərhal qırmızı vərəqə alaraq meydandan qovulub.
Lakin insident bununla yekunlaşmayıb. Meydanı tərk etməzdən əvvəl Konte daha da qəzəblənərək yerə şüşə atıb və ehtiyat hakimə tərəf qışqırmağa başlayıb. Bu hərəkətləri A Seriyasının İntizam Komitəsini daha sərt qərar verməyə vadar edib.
Nəticədə Antonio Konte İtaliya çempionatının növbəti iki turunda komandasına rəhbərlik edə bilməyəcək. O, yanvarın 14-də "Parma" və yanvarın 17-də "Sassuolo" ilə keçiriləcək matçlarda komandanı məşqçilər skamyasından izləyə bilməyəcək.