Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
“Qarabağ” “Arsenal”dan necə xal ala bilər? – YAZI
Bu gün Avropa Liqasının qrup mərhələsinin II turunun qalan oyunları keçiriləcək.
Oxu.Az xəbər verir ki, Azərbaycanın diqqəti Bakı Olimpiya Stadionundakı “Qarabağ” – “Arsenal” görüşünə yönələcək.
Saat 20:55-də başlayacaq görüşün dolu tribunalar önündə keçirilməsi və rəqibin Avropanın top komandalarından birinin olması dünyanın da diqqət mərkəzində olacaq.
Bədbin statistika
“Qarabağ” üçüncü dəfə İngiltərə klubu ilə qarşılaşacaq. Maraqlıdır ki, “Qarabağ”ın əvvəlki rəqibləri “Arsenal” kimi Londonu təmsil edib.
Çox təəssüflə qeyd etmək lazımdır ki, İngiltərənin paytaxtını təmsil edən klublarla “Qarabağ”ın oyunlarında bədbin statistika mövcuddur. “Tottenhem” 2015-ci ildə Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ı 3:1 və 1:0 hesabı ilə məğlub edib. Ötən il isə “Çelsi” Çempionlar Liqasının qrup mərhələsinin hər iki oyununda Ağdam təmsilçisini böyük hesablarla məğlubiyyətə uğradıb – 6:0 və 4:0.
Emeridən Venqerə nisbətdə Avroliqaya fərqli baxış
Əvvəlki baş məşqçisi Arsen Venqerin dönəmində “Arsenal” Avroliqaya daha çox ikinci-üçüncü dərəcəli turnir kimi yanaşırdı. Ötən mövsüm qrup matçlarında az qala qatı “Arsenal” azarkeşlərinin belə adını eşitmədiyi futbolçular meydana çıxırdısa, Unai Emeri bu turnirə İngiltərə Premyer Liqası qədər ciddi yanaşır. Lakin Venqer kimi “südəmərlər”lə yox, “ikinci heyət”lə çıxmağı düşünür. Ancaq dünən Qurban Qurbanovun dediyi kimi, “Arsenal”ın ikinci heyəti olmur”...
Qrupun ilk görüşündə çıxan start heyəti yada salsaq, əsas heyət üzvü olmayanlardan Ştefan Lixtştayner, Rob Holdinq və Məhəmməd Elnenni meydana çıxmışdı. Yalnız meydana sonradan daxil olan Emil Smit-Rouv “bişməmiş” futbolçu ünvanına sahib idi.
“Arsenal”ın ehtimal edilən start heyəti
Bugünkü görüşdə əsas heyət üzvlərindən qapıçı Petr Çexin, mərkəz müdafiəçiləri – Loran Kosyelni ilə Sokratis Papastatopulosun zədəli, mərkəz yarımmüdafiəçisi Aaron Remzinin ailə məsələlərinə görə, hücumçu Pyer-Emerik Obameyanqın xəstə olduğu üçün Bakıya gətirilmədiyi bəllidir. Erməni Henrix Mxitaryan isə siyasi səbəblərdən Bakıya gətirilməyib.
Çex zədəli olmasaydı belə, bugünkü görüşdə onun yerinə “Bayer”dən alınmış Bernd Lenonun “topçular”ın qapısını qoruyacağı bəlli idi. Müdafiənin mərkəzində Sokratisin yoxluğunda Holdinq dayanacaq. Ona Şkodran Mustafi kömək edəcək. Müdafiənin sağında Lixtştayner oynayacaqsa, solunda zədədən sonra qayıdan Sead Kolaşinatsın oynayacağı gözlənilir.
Dayaq yarımmüdafiəsi xəttində Elnenniyə Mateo Qenduzi köməklik edəcək. Bu da səbəbsiz deyil. Çünki bu futbolçu Premyer Liqadakı yerini Toreyraya uduzub. Bu üzdən Avroliqada oynamaq növbəsi Qenduzinindir.
Pleymeyker funksiyasını Emerinin istirahət vermək istədiyi, lakin məcburiyyətdən oynatmalı olduğu Məsut Özil yerinə yetirəcək. Hücumda son vaxtlar formada olan Aleksandr Lakazet oynayacaq. Hücumun sağında Aleks İvobi və solunda Deni Uelbekin oynayacağı gözlənilir. Lakin ilk dəqiqələrdən Uelbekin əvəzinə Smit-Rouv da çıxa bilər. Həftəsonu London derbisi olacağını nəzərə alsaq, Edvard Nketianın da ilk dəqiqələrdən Lakazetin əvəzinə meydanda olacağı istisna edilə bilməz.
Beləliklə, bizim ehtimala əsasən “Arsenal”ın bu gün “Qarabağ”a qarşı start heyəti belə olacaq: Leno – Kolaşinats, Mustafi, Holdinq, Lixtştayner – Elnenni, Qenduzi, Özil – Uelbek, İvobi, Lakazet.
Bu komandanın zəif cəhətləri hansılardır?
Əslində “Qarabağ”ın “Arsenal”dan xal almaq üçün bundan gözəl fürsəti ola bilməzdi. Birdən-birə altı əsas futbolçunun olmaması Ağdam klubunun Bakıda yerli azarkeşlərin önündə bir xal qazanmaq şanslarını artırır. Baxmayaraq ki, “Qarabağ”ın müdafiə xəttində Donald Qeryenin oynamayacağı, onun əvəzinə “qoca” Ansi Aqollinin olacağı kimi fakt var.
Ancaq bu “Arsenal”ın zəif cəhətləri də az deyil. Böyük ehtimalla, Qurban Qurbanov da bu zəif cəhətləri özü üçün aydınlaşdıra bilib. Rəqibin qapıçısı Leno hər nə qədər ötən mövsümədək “Bayer”lə Bundesliqa təcrübəsi yaşasa da, “Arsenal”a keçdikdən oyun praktikasından məhrumdur. 26 yaşlı qolkiper bunun acısını Ukraynanın “Vorskla” komandası ilə oyunda yaşayıb. Bu qolkiperin ən zəif cəhəti isə uzaq məsafələrdən vurulan zərbələrdir. “Qarabağ” məhz bu oyunda daha çox uzaq məsafələrdən vurulan zərbələrin sayını çoxaltmalıdır.
Komandanın müdafiəsinin mərkəzində oynayacaq Holdinq etibarsız arxa xətt oyunçularından sayılır. Onun ötən mövsüm hansı uşaq səhvləri ilə yadda qaldığını sadiq “Arsenal” azarkeşləri yaxşı xatırlayar.
“Yuventus”dan “Arsenal”a bu yay pulsuz başa gələn Lixtştayner də təcrübəsizliyin və ələlxüsus da yaşlı olmasının əziyyətini çəkir. Bu futbolçu müdafiədə ləngliyi ilə seçilir. Əbəs yerə “Yuventus” bu futbolçu ilə müqaviləsini yeniləməkdə maraqlı olmadı. “Vorskla” ilə matçda vurulan ilk qol məhz onun səhvindən sonra oldu. İkinci qol isə onun qoruduğu sağ cinahdan sonra Lenonun qoruduğu “çərçivə”də görüldü.
Düşünürük ki, “Qarabağ” oyun praktikaları olmayan dayaq yarımmüdafiəçiləri – Elnenni və 19 yaşlı Qenduzini keçə bilsə, o qədər də qorxulu müdafiə ilə qarşılaşmayacaq...
Sonda ümid edək ki, “Qarabağ” İngiltərə – London klublarına qarşı uğursuz oyunlar statistikasını məhz bu gün pozacaq.
Səbuhi MUSAYEV
www.oxu.az
"Ağdam" teqi üzrə xəbərlər
- Ermənilərin xeyli silah-sursat topladığı ərazidən YENİ GÖRÜNTÜLƏR
- Ağdamda 94 yaşlı kişini avtomobil vurub
- "Qafqazın Hirosiması" adlandırılan Ağdam: Ermənilərin viran qoyduğu şəhər
- Ombudsmanların Beynəlxalq Bakı Forumu iştirakçılarının azad olunmuş ərazilərə səfəri başlayıb
- Ağdam şəhərinə ilk köç gələn ilin payızında planlaşdırılır