"Qarabağ"ın tanınmış fanklubu "İmarət" bu gün sosial şəbəkələrdə müzakirəyə səbəb olan Kamil Zeynallının hərəkətlərinə cavab verib.
Oxu.Az xəbər verir ki, açıqlamada baş verənlərin "Qarabağ"ın nüfuzunu zədələdiyi qeyd olunub: "Əziz dostlar, "İmarət" olaraq, çalışırıq ki, Qarabağımızın hər matçında iştirak edək. Son vaxtlar Avropa ölkələrindəki oyunlarda təmsil olunmağımız bizə həm maddi, həm də təşkilati cəhətdən ciddi problemlər yaradır. Amma Allaha şükür ki, bunları həll etməyi bacarırıq və Bakıdan ən az 4-5 nəfər azarkeş göndərə bilirik. Misal üçün deyə bilərəm ki, sonuncu dəfə ölkəmizdəki Fransa səfirliyi azarkeşlərimizdən 9 nəfərin viza müraciətindən yalnız birinə müsbət cavab verdi. Bu məsələlərlə bağlı müxtəlif çətinliklərdən danışmaq olar. Düzdür, "Qarabağ" rəhbərliyi mümkün qədər öz dəstəyini əsirgəmir. Ancaq...
Bayaq Kamildi, kimdi, onun videogörüntüsü çıxdı qarşıma, təyyarədə olan. Mən anlamıram, onun həmin təyyarədə nə işi var, hansı hərəkətinə və xidmətlərinə görə Çempionlar liqasında oynayan peşəkar komandanın heyəti ilə səfərə gedir? Bu bir tərəfə, üstəlik, qeyri-etik hərəkətlərini hər kəsə nümayiş etdirərək, bizim nüfuzumuzu zədələyir. "Qarabağ" niyə kimin üçünsə əyləncə və istirahət anlamına gəlməlidir ki?
Ümumiyyətlə, komanda zəif oynayanda heç onun adını bilməyənlər gəlib sevincə şərik olmaq istəyir. Təbii ki, bu hallar məni və digər tərəfdaşlarımı narahat edir.
P.S. Əvvəllər, demək olar, hər həftə klubun işçiləri ilə müəyyən təşkilati məsələlərlə bağlı əlaqə yaradırdıq və hər kəsi tanıyırdıq. İndi "Vallah iş çoxdu" sözlərini eşidib, onları da başa düşürük. Həmin işləri çoxaldan Kamil kimilərdir, bəylər. Bizlər iş az olanda da buradaydıq!"
E.Ə.
www.oxu.az