“Qarabağ” iddialı rəqiblərə qarşı öz oyununu göstərməyi və onları məğlub etməyi bacarır”.
Bunu “Report”a açıqlamasında “Qarabağ”ın sabiq futbolçusu Rauf Əliyev Portuqaliyanın “Braqa” klubuna qarşı keçiriləcək UEFA Avropa Liqasının pley-off oyunu ilə bağlı danışarkən deyib.
34 yaşlı keçmiş hücumçu rəqibin olduqca güclü kollektiv olduğunu bildirib:
“Azərbaycan çempionatındakı oyunla “Braqa”ya qarşı matçı tərəzinin eyni gözünə qoymaq olmaz. Avrokubok görüşünün motivasiyası tam fərqlidir. “Qarabağ” da bunun fərqindədir. “Braqa” ölkə çempionatında böyük klublarla mübarizə aparır, həmişə yuxarı pillələrdə - 3-4-cü yerlərdə qərarlaşır. Bunu nəzərə alsaq, komandamızın işi çətin olacaq. İnanıram ki, təmsilçimiz bu gün uğurlu nəticə ilə bizi sevindirəcək”.
Rauf Əliyevin fikrincə, “Qarabağ”ın Azərbaycan Kubokunun 1/4 final mərhələsinin cavab oyununda “Sabah”a məğlubiyyəti (3:4) və Premyer Liqa görüşündə eyni rəqiblə heç-heçəsi (3:3) Ağdam təmsilçisinə mənfi təsir etməyəcək:
“Fikrimcə, “Qarabağ” hazırda yaxşı formadadır. “Sabah”la oyunlar onların formadan düşdüklərinə işarə deyil. Ölkə kubokunda “Sabah”la cavab görüşünün nəticəsi, etiraf edək ki, o qədər də böyük önəm kəsb etmirdi. Bəlkə də həmin məğlubiyyət Premyer Liqada bu rəqiblə görüşə müəyyən təsir göstərdi”.
Qeyd edək ki, Portuqaliyada keçiriləcək “Braqa” - “Qarabağ” oyunu Bakı vaxtı ilə bu gecə saat 00:00-da başlayacaq.
Rəylər