Azərbaycanlı iş adamı Rauf İsmayılova məxsus olan Türkiyənin “Darıca Gənclərbirliyi” klubunun azarkeşləri etiraza qalxıb.
Oxu.Az xəbər verir ki, “Darıca Gənclərbirliyi” mübarizə apardığı II divizionun Qırmızı Qrupunun XVIII turunda “Tokatspor”a 0:4 hesabı ilə yenilib və bununla da klub 12-ci sıraya düşüb.
Bu səbəbdən azarkeşlər axşam saatlarında klubun bazasının önündə toplaşıb. Onlar klub rəhbərini nəzərdə tutaraq “Rauf, hardasan? Allah bəlanı versin” deyə şüarlarla çıxış ediblər. Azarkeşləri oradan yerli polis uzaqlaşdırıb. Həmçinin, azərbaycanlı klub rəhbərliyindən heç kim tərəfdar önünə çıxmağa cürət etməyib.

“Darıca Gənclərbirliyi” Tərəfdarlar Dərnəyinin rəhbəri Hasan Zəngin isə açıqlamasında klubun Rauf İsmayılova satılmasına və son turlarda uğursuz nəticələrə etiraz etdiklərini bildirib. O, futbolçulara maaş ödənilmədiyindən, klubun dağılmaq həddinə gəldiyini və alarkən 1 milyon 200 min lirə verdiyi pulunu da götürüb klubdan getməsini istədiklərini qeyd edib.
Qeyd edək ki, Rauf İsmayılov noyabrda bu klubu alıb. Klubun prezidenti Mücahid Vuralla İsmayılov arasında bağlanan müqavilə ilə bütün hüquqlar azərbaycanlı iş adamına verilib. Yanvarın 19-da çıxan xəbərlərdə isə klubun İsmayılovdan əvvəl başqasına satıldığı, lakin həmin adamların pullarını geri ala bilmədikləri qeyd edilmişdi. Komandaya yanvarın 1-dən vaxtı ilə “Neftçi”də çalışmış Asim İbrahimov baş məşqçilik edir.
Onu da bildirək ki, Rauf İsmayılov Rusiyada fəaliyyət göstərən “Simurq Turizm” şirkətinin rəhbəridir. O, iyulda AFFA-nın çempionatda iştirakına lisenziya vermədiyi “Xan Lənkəran” klubunun Rusiya üzrə Koordinasiya Mərkəzinin rəhbəri təyin edilmişdi. Bununla da Lənkəran klubunun səhmlərinin iyirmi faizi İsmayılova verilmişdi.
Səbuhi MUSAYEV