Mərhum şahmatçımız Vüqar Həşimovun xatirəsinə həsr olunan “ShamkirChess 2016” superturnirinin açılış mərasimi keçirilib.
Oxu.Az-ın məlumatına görə, Heydər Əliyev Mərkəzində təşkil olunmuş tədbirdə gənclər və idman naziri Azad Rəhimov, Beynəxalq Şahmat Federasiyasının (FİDE) prezidenti Kirsan İlyumjinov, Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov, Azərbaycan Şahmat Federasiyasının (AŞF) vitse-prezidenti Mahir Məmmədov, iştirakçı şahmatçılar və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov çıxış edərək qonaqları ölkəmizdə salamlayıb. O, Şəmkirin beynəlxalq idman yarışlarının keçirilməsində böyük təcrübəyə malik olduğunu qeyd edib. İcra başçısı iştirakçılara uğurlar arzulayıb.
Gənclər və idman naziri Azad Rəhimov mərhum qrossmeyster Vüqar Həşimovun şahmat karyerasından söz açıb. O, şahmatçımızın yığma komandamızdakı xidmətlərindən danışıb və qrossmeysterimizin dünyanın ən güclü şahmatçılarından biri olduğunu qeyd edib.
FİDE prezidenti Kirsan İlyumjinov Azərbaycanda olmaqdan məmunluğunu ifadə edib. O, Vüqar Həşimovun xatirə turnirinin ənənəvi hal aldığını bildirib:
“Bu turnir FİDE-nin təqvimində xüsusi yer tutur. Buradə ən güclü şahmatçılar mübarizə aparırlar. Azərbaycanda şahmata dövlət səviyyəsində diqqət göstərilir. Ölkə rəhbərliyinə şahmata göstərdiyi qayğıya görə minnətdarlığımı bildirirəm. Dünən 42-ci Ümumdünya Şahmat Olimpiadasına 100 gün qalması ilə bağlı geriyə sayıma start verildi. Əminik ki, Bakı Şahmat Olimpiadası dünya şahmat tarixində indiyədək keçirilən ən yaxşı olimpiada olacaq”.
Daha sonra yarışın püşkatma mərasimi keçirilib.
Qeyd edək ki, Vüqar Həşimovun xatirəsinə həsr olunan “ShamkirChess” superturniri artıq 3-cü dəfədir təşkil olunur və dünyanın ən mötəbər beynəlxalq şahmat yarışlarından biri kimi qəbul edilir.