"Mənim arzum var ki, "Neftçi" 90-cı ilində ölkə çempionu olsun".
Oxu.Az xəbər verir ki, bu fikirləri "Neftçi"nin baş məşqçisi Yuri Vernidub UEFA Konfrans Liqasının II təsnifat mərhələsi çərçivəsində "Dinamo" (Minsk) ilə oyundan əvvəl keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, "Neftçi" böyük klubdur:
"Biz Konfrans Liqasında da qrupda oynamaq istəyirik. Məşqçi kimi də mən orada çıxış etmək istəyirəm. Yaxşı hazırlaşmışıq. Qarşımızdakı "Dinamo"dur. Hazırda çempionatları davam edir. Amma biz də rəqibə qarşı yaxşı hazırlaşmışıq".
Baş məşqçi bildirib ki, komandaya yeni transferlər ola bilər:
"Əlimizdə olan oyunçular heyətin özəyidir. Transferlər üzərində də işləyirik. 100 faiz ki, əlavələrimiz də olacaq. Mən də, klub rəhbərliyi də anlayır ki, güclənməyə ehtiyac var. Bu istiqamətdə işlər gedir. Baxın, bizdə komandanın özəyi var. Lakin bəzi mövqeləri gücləndirməliyik ki, gələcək rəqiblərə qarşı daha yaxşı oyun sərgiləyək. Rəhbərliklə, prezidentlə daimi əlaqədəyik. Transfer üzərində çalışırıq. Komandaya elə oyunçular gəlməlidir ki, güclənək".
Qeyd edək ki, "Neftçi" - "Dinamo" (Minsk) qarşılaşması iyulun 22-si saat 20:00-da "Palms Sports Arena"da keçiriləcək.