2017-ci ilin 3-cü rübündə ABŞ-ın “Amazon.com Inc.” internet riteylerinin gəlirləri 34% artıb.
Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, xalis mənfəət miqdarında ciddi dəyişiklik olmasa da, şirkətin rekord maliyyə göstəriciləri bazarın gözləntilərindən yüksək olub.
Belə ki, şirkət iyul-sentyabr aylarında 256 milyon dollar (hər səhm 0,52 $) xalis mənfəət əldə edib. Ötən ilin eyni dövründə bu miqdar 252 milyon dollar olub. İkinci rübdə mənfəət 77% aşağı düşsə də, 3-cü rübün rəqəmləri sərmayədarları sevindirib. Belə ki, 3-cü rübdə netto gəlir 32,7 milyard dollardan 43,7 milyarda yüksəlib. Bu artım tempi son 5 ilin ən yüksək səviyyəsidir. “Whole Foods Market” ərzaq mağazaları şəbəkəsinin satın alınmasının payı burada 1,3 milyard dollar təşkil edib.
Səhmlərin dəyəri 8% yüksəldiyi üçün “Amazon”un yaradıcısı və rəhbəri Ceff Bezosun sərvətində 6,6 milyard dollar artım qeydə alınıb. Şirkətin bazar dəyəri 470 milyard dollara yaxınlaşıb.
L.Ə.