"Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən ardıcıl islahatlar nəticəsində ölkəmiz rəqəmsal transformasiya sahəsində yeni inkişaf mərhələsinə qədəm qoyub. Prezidentin 2026-cı il 27 fevral tarixli Sərəncamı ilə təsdiq edilən "Rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026-2028-ci illər üçün Fəaliyyət Planı" məhz bu strateji baxışın davamı olaraq ölkənin texnoloji inkişafını təmin edəcək kompleks tədbirləri və uzunmüddətli hədəfləri özündə birləşdirir".
Bu sözləri Oxu.Az-a açıqlamasında Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyasının üzvü, deputat Zaur Şükürov deyib.

O bildirib ki, müasir dövrdə rəqəmsal texnologiyalar, süni intellekt, innovasiya və kibertəhlükəsizlik dövlətlərin iqtisadi gücünü, rəqabət qabiliyyətini və milli təhlükəsizliyini müəyyən edən əsas amillərdən birinə çevrilib:
"Fəaliyyət Planının əsas məqsədləri dövlət idarəetməsinin optimallaşdırılması, elektron xidmətlərin keyfiyyətinin artırılması, beynəlxalq rəqəmsal inkişaf reytinqlərində Azərbaycanın mövqeyinin daha da möhkəmləndirilməsi və rəqəmsal iqtisadiyyatın ümumi daxili məhsuldakı (ÜDM) payının artırılmasıdır. Sənəd İnformasiya Təhlükəsizliyi və Kibertəhlükəsizlik Strategiyası, Rəqəmsal İnkişaf Konsepsiyası və Süni İntellekt Strategiyası ilə uzlaşdırılaraq vahid idarəetmə modeli çərçivəsində rəqəmsallaşma, süni intellekt, innovasiya və kibertəhlükəsizlik istiqamətlərində kompleks islahatların həyata keçirilməsini nəzərdə tutur".
"Bu istiqamətdə mühüm institusional addımlardan biri Rəqəmsal İnkişaf Şurasının yaradılmasıdır. 2026-cı il 29 iyun tarixində Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə keçirilən Şuranın ilk iclasında Fəaliyyət Planının icra vəziyyəti, rəqəmsal inkişaf sahəsində qanunvericilik islahatları və təhsil sisteminin rəqəmsallaşdırılması geniş müzakirə olunub. İclasda qeyd olunduğu kimi, dövlət idarəçiliyində rəqəmsallaşmanın sürətləndirilməsi, süni intellekt texnologiyalarının tətbiqi, kibertəhlükəsizliyin gücləndirilməsi, innovasiya ekosisteminin inkişafı, investisiyaların və startapların dəstəklənməsi qarşıdakı dövrün əsas prioritetləridir", - deyə deputat vurğulayıb.
Parlament üzvü əlavə edib ki, bu gün rəqəmsallaşmanın əsas məqsədi vətəndaş və sahibkarlar üçün dövlət xidmətlərini daha əlçatan, operativ və şəffaf etməkdir:
"Məhz bu məqsədlə "mygov" və "mygov Biznes" platformaları üzərində genişmiqyaslı işlər aparılır. Ayrı-ayrı dövlət qurumlarının elektron xidmətləri mərhələli şəkildə vahid platformada birləşdirilir. Artıq "e-Sosial", "e-Təbib" və "e-Su" tətbiqləri tam inteqrasiya olunub, "e-Polis", "Mobil Notariat", "Azərişıq", "Reseptim", "e-Səhiyyə", "MigAz" və "ASAN Müraciət" xidmətlərinin də tam şəkildə vahid platformaya keçirilməsi istiqamətində işlər davam etdirilir. Son üç ay ərzində "mygov" platformasının istifadəçilərinin sayı 2.7 milyondan 3.5 milyona yüksələrək təxminən 30 faiz artıb ki, bu da vətəndaşların rəqəmsal xidmətlərə artan tendensiyanın göstəricisidir".
"İnnovasiya sahəsində həyata keçirilən islahatlar Azərbaycanın regional texnologiya və innovasiya mərkəzinə çevrilməsi strateji hədəfinə xidmət edir. Bu məqsədlə hazırlanan qanunvericilik paketi 34 qanuna, doqquz Prezident fərmanına və üç Nazirlər Kabineti qərarına dəyişiklikləri əhatə edən son illərin ən genişmiqyaslı islahatlarından biridir. Həyata keçirilən bu islahatların əsas məqsədi innovativ sahibkarlığın inkişafını sürətləndirmək, xarici investisiyaların cəlbini genişləndirmək və Azərbaycanın yüksək texnologiyalar sahəsində regional lider mövqeyini daha da möhkəmləndirməkdir", - Z. Şükürov diqqətə çatdırıb.
Parlamentari onu da vurğulayıb ki, süni intellekt texnologiyalarının inkişafı Fəaliyyət Planının əsas strateji istiqamətlərindən biridir:
"Cari il ərzində "mygov" platformasında dörd, digər dövlət qurumlarında isə doqquz süni intellekt həllinin tətbiqi planlaşdırılır. Süni intellekt yalnız dövlət idarəçiliyində deyil, iqtisadiyyatın müxtəlif sahələrində, xüsusilə kənd təsərrüfatında da böyük perspektivlər açır. Peyk görüntüləri, pilotsuz uçuş aparatları, ağıllı suvarma sistemləri və məlumat analitikası vasitəsilə torpaq və su ehtiyatlarından daha səmərəli istifadə olunur, məhsuldarlıq artırılır, bitki xəstəlikləri və zərərvericilər erkən mərhələdə müəyyən edilir. Sözügedən texnologiyalar fermerlərin xərclərinin azaldılmasına, məhsul keyfiyyətinin yüksəldilməsinə və ölkənin ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinə mühüm töhfə verir.
Rəqəmsal transformasiyanın ayrılmaz hissəsi olan kibertəhlükəsizlik istiqamətində də mühüm institusional islahatlar həyata keçirilir. Milli Kibertəhlükəsizlik Agentliyinin yaradılması, Milli Təhlükəsizlik Əməliyyatları Mərkəzi, Milli CERT və Rəqəmsal Tədqiqat Mərkəzinin formalaşdırılması dövlət informasiya sistemlərinin təhlükəsizliyini daha da gücləndirəcək. Dövlət informasiya sistemlərinin Hökumət Buludu platformasına miqrasiyası, süni intellekt əsaslı kibermüdafiə mexanizmlərinin tətbiqi və kritik informasiya infrastrukturunun qorunması ölkənin rəqəmsal təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayacaq".
Komissiya üzvü sonda bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən rəqəmsal inkişaf siyasəti Azərbaycanın dayanıqlı iqtisadi inkişafına, dövlət idarəçiliyinin səmərəliliyinin yüksəldilməsinə, vətəndaş məmnunluğunun artırılmasına və ölkəmizin qlobal rəqəmsal iqtisadiyyatda rəqabət qabiliyyətinin güclənməsinə xidmət edir:
"Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin uğurla icrası qarşıdakı illərdə Azərbaycanı Cənubi Qafqazın aparıcı rəqəmsal və innovasiya mərkəzlərindən birinə çevirmək məqsədinə mühüm töhfə verəcək".