"Discord" şirkəti oktyabrın əvvəlində baş vermiş məlumat sızması haqqında təfərrüatı açıqlayıb. Rəsmi məlumata görə, kənar müştəri dəstək xidmətləri təminatçısının sisteminə edilən hücum nəticəsində təxminən 70 min istifadəçinin şəxsiyyətini təsdiq edən sənədlərinin fotoşəkilləri ələ keçirilə bilər.
Oxu.Az xəbər verir ki, bu barədə "The Verge" məlumat yayıb.
Daha əvvəl haker qrupu 2.1 milyondan çox fotoşəkil daxil olmaqla, 1.5 TB məlumat oğurladığını iddia edib və şirkəti şantaj etməyə cəhd göstərib. "Discord" bu iddiaları təkzib edərək, bunların şişirdildiyini və hədə-qorxu ilə pul qoparmaq məqsədi daşıdığını bildirmişdi.
Qeyd olunub ki, potensial olaraq zərərçəkmiş bütün istifadəçilərə artıq insidentlə bağlı məlumat verilib. "Discord" hüquq-mühafizə orqanları, tənzimləyici qurumlar və müstəqil kibertəhlükəsizlik ekspertləri ilə birgə işləyir. Təhlükəyə məruz qalmış sistemlər istismardan çıxarılıb, zərərçəkmiş podratçı ilə əməkdaşlıq dayandırılıb.
Şirkət, həmçinin vurğulayıb ki, "Discord"un infrastrukturu sındırılmayıb - hücum yalnız kənar xidmət təminatçısını hədəf alıb.