"Əgər insanlar texnologiyadan təhlükəsiz və effektiv istifadə etməyi bacarmırlarsa, əlaqə yaratmaq heç bir işə yaramaz".
Oxu.Az xəbər verir ki, bunu BTİ telekommunikasiya inkişafı bürosunun direktoru Kosmas Lakison Zavazava Ümumdünya Telekommunikasiya İnkişafı Konfransının açılış mərasimində deyib.
O bildirib ki, böyük bir rəqəmsal savadlılıq kampaniyasına, yerli rəqəmsal istedadların formalaşmasına, kiçik və orta müəssisələrin gücləndirilməsinə fokuslanmaq lazımdır:
"Xüsusilə qadınlar, gənclər və əlilliyi olan şəxslər üçün bu vacibdir. Regulyatorların da çevik, innovativ və dəyişən sənaye ehtiyaclarına cavab verə biləcək bacarıqlara malik olması vacibdir".
Direktorun sözlərinə görə, dünyada rəqəmsallaşma geniş vüsət aldıqca kibertəhlükələr, yanlış məlumat, şəxsi məlumatların qorunmasına dair narahatlıqlar etimadı zəiflədir:
"Biz elə rəqəmsal iqtisadiyyatlar yaratmalıyıq ki, insanlar orada öyrənməyi, ünsiyyəti və əməliyyat aparmağı özlərinə təhlükəsiz hiss etsinlər. Etimad rəqəmsal dövrün valyutasıdır".
Aygün Mirakif