"Azercell Telekom"a şəbəkənin fəaliyyəti ilə bağlı genişmiqyaslı müraciətlər daxil olmayıb".
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq "Azercell Telekom" MMC-dən bildirilib.
Məlumatda vurğulanıb ki, abunəçilərə yüksəkkeyfiyyətli və dayanıqlı mobil rabitə xidməti təqdim etmək məqsədilə ölkə üzrə şəbəkə infrastrukturunun gücləndirilməsi və optimallaşdırılması istiqamətində ardıcıl işlər aparılır.
Məlumatda qeyd olunub ki, baza stansiyalarının funksional testləri mütəmadi şəkildə həyata keçirilir, şəbəkədən toplanan statistik göstəricilər, o cümlədən səs keyfiyyəti, məlumat ötürmə sürəti və digər texniki parametrlər təhlil olunur. Bu göstəricilər əsasında xidmətin fasiləsizliyi və keyfiyyəti daha da artırmaq üçün texniki təkmilləşdirmələr aparılır.
"Bununla belə, fərdi hallarda hər hansı çətinlik yaşanarsa, abunəçilərimizə "Azercell"in Müştəri Xidmətlərinə (MX ofislərinə və ya 7/24 saat fəaliyyət göstərən Telefon Mərkəzinə) müraciət etmələri tövsiyə olunur.
"Azercell" olaraq istifadəçi təcrübəsini daim inkişaf etdirmək və yüksəkkeyfiyyətli mobil rabitə xidmətlərini təmin etmək məqsədilə fəaliyyətimizi davam etdiririk", - deyə məlumatda qeyd olunub
Redaksiyamıza mobil şəbəkələrlə bağlı çoxsaylı şikayətlər daxil olub.
Oxu.Az-a danışan şikayətçilər qeyd edirlər ki, son vaxtlar mobil şəbəkələrdə kəsilmələr olur:
"Telefonla danışdığımız məqamda şəbəkə ya yoxa çıxır, ya da zəifləyir".
Qeyd edək ki, məsələ ilə bağlı aidiyyəti quruma və operatorlara sorğu ünvanlanıb.
Məhərrəm Əliyev