2015-ci ilin yanvar ayının statistik məlumatlarına əsasən, Azərbaycan ixracı 48,7% azaldıb.
Bu barədə Oxu.Az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.
“Ay ərzində xarici ticarət dövriyyəsinin həcmi statistik məlumatlara əsasən, 1 milyard 959,4 milyon dollar, o cümlədən ixracın həcmi 1 milyard 385,2 milyon dollar, idxalın həcmi 574,2 milyon dollar təşkil edib, nəticədə 811,0 milyon dollarlıq müsbət saldo yaranıb”- komitənin məlumatında deyilir.
Qeyd edək ki, 2014-cü ilin müvafiq dövrü ilə müqayisədə ay ərzində idxal 7,2% artıb, xarici ticarətdə yaranan müsbət saldo isə 61%, xarici ticarət dövriyyəsinin həcmi 38,8% azalıb.
2015-ci ilin yanvar ayında Azərbaycan Respublikasının rezidentləri dünyanın 99 ölkəsinin hüquqi və fiziki şəxsləri ilə ticarət əməliyyatları həyata keçirib, 55 ölkəyə əmtəə ixrac olunub, 91 ölkədən idxal olunub. Xarici ticarət əlaqələri iştirakçılarının 40-ı Avropa, 12-si Amerika, 32-si Asiya ölkələri və digərləridir.
Xatırladaq ki, ixrac edilmiş məhsulların ümumi həcmində xam neft, neft məhsulları, təbii qaz, meyvə-tərəvəz, bitki və heyvan mənşəli piylər və yağlar, şəkər, kimya sənayesi məhsulları, plastmas və ondan hazırlanan məmulatlar, alüminium və ondan hazırlanan məmulatların, idxal olunmuş məhsulların həcmində isə qida məhsulları, qara metallar və onlardan hazırlanan məmulatlar, maşın, mexanizm, elektrik aparatları, avadanlıqlar, nəqliyyat vasitələri və onların hissələrinin xüsusi çəkisi üstünlük təşkil edib. Yanvar ayında qeyri-neft məhsullarının ixracı 2014-cü ilin yanvar ayı ilə müqayisədə 16% artaraq 124,2 milyon dollar təşkil edib.