Cibutidə fəaliyyət göstərən məşhur “Casino”, “Al-Gamil” və “Cash Center” supermarketlərində Afrikada ilk dəfə olaraq, Azərbaycan məhsullarının satışı həyata keçirilir.
Oxu.Az-a daxil olan press-relizdə bildirilir ki, “Casino” fransız, “Al-Gamil” isə Birləşmiş Ərəb Əmirliklərinin supermarket şəbəkəsinə aiddir.
Azərbaycan istehsalçıları - “Gilan Holding”, “Azersun Holding” şirkətlər qrupu, “Aznar” QSC, “Az-Granata” MMC, “Delta Group”, “Şami Keçi Fermasi” MMC, “Xurcun” şirkətlərinin istehsalı olan şirələr, çaylar, konservləşdirilmiş tərəvəz məhsulları, quru meyvələr və “Gazelli Group” şirkətinin təbii kosmetika məhsulları həm yerli, həm də Cibutidə yaşayan çoxsaylı xaricilərə təklif olunur.
Ölkəmizin istehsalı olan yeyinti məhsulları ilə yanaşı, həmçinin kənd təsərrüfatı məhsulları da satışa çıxarılıb.
Belə ki, ölkəmizdə yetişdirilən meyvələr - alma, armud, qarpız, o cümlədən tərəvəz məhsulları - xiyar, pomidor, kök, çuğundur, soğan və kələm qeyd olunan supermarketlərdə alıcılara təqdim edilir.
Qeyd olunan məhsullarımız “Silk Way Airlines”ın Bakı-Cibuti bir başa yük aviareysləri vasitəsilə “Made in Azerbaijan” brendi adı altında Cibutiyə gətirilib.
S.B.
www.oxu.az