2016-cı ildə Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 6 mlrd. 602 mln. manat daxilolma proqnozlaşdırılır ki, bu da 2015-ci illə müqayisədə 510 mln. manat və yaxud 7,2% azdır.
Həmin məbləğin 4 mlrd. 812 mln. manatı (2015-ci il səviyyəsində) və yaxud 72,9%-i qeyri-neft sektorunun, 1 mlrd. 790 mln. manatı və yaxud 27,1%-i isə neft sektorunun payına düşəcək.
Oxu.Az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin hesabatında bildirilir.
2016-cı ildə Dövlət Gömrük Komitəsinin dövlət büdcəsinə 1 mlrd. 590 mln. manat (ümumi daxilolmaların 10,9%-i) köçürməsi planlaşdırılır ki, bu da 2015-ci il səviyyəsindədir.
2016-cı ildə Dövlət Neft Fondundan dövlət büdcəsinə 6 mlrd. manat transfert nəzərdə tutulur ki, bu da 2015-ci illə müqayisədə 4 mlrd. 388 mln. manat və yaxud 42,2% az deməkdir.
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət mülkiyyətində olan əmlakın icarəyə verilməsindən dövlət büdcəsinə cari ilin proqnozu səviyyəsində, yəni 7 mln. manat daxilolmanın təmin ediləcəyi gözlənilir.
Bundan başqa, 2016-ci ildə büdcə təşkilatlarının ödənişli xidmətlərindən dövlət büdcəsinə 305 mln. manat vəsaitin daxil olacağı nəzərdə tutulur ki, bu da cari ilin proqnozu ilə müqayisədə 5 mln. manat və ya 1,7% coxdur.
Ülviyyə R. Əli
www.oxu.az