Azərbaycan ilə Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) arasında əməkdaşlığın genişləndirilməsi üçün mühüm perspektivlər mövcuddur. Xüsusilə nəqliyyat, logistika, ticarət və enerji sahələri bu əməkdaşlığın əsas istiqamətləri kimi önə çıxır. Azərbaycanın əlverişli coğrafi mövqeyi və həyata keçirdiyi regional layihələr ŞƏT ölkələri ilə əlaqələrin inkişafı üçün əlavə imkanlar yaradır. Qarşılıqlı maraqlara əsaslanan əməkdaşlığın genişləndirilməsi isə Azərbaycanın regional rolunu daha da gücləndirir.
Mövzu ilə bağlı Oxu.Az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, deputat Aydın Hüseynov bildirib ki, Azərbaycan ilə Şanxay Əməkdaşlıq Təşkilatı arasında əməkdaşlıq üçün geniş imkanlar var:

"Bu imkanlar müxtəlif sahələri əhatə edir. Nəqliyyat, ticarət, enerji, logistika və humanitar əlaqələr bu istiqamətdə əsas sahələr sırasında yer alır. Azərbaycanın ŞƏT ölkələri ilə əməkdaşlığında nəqliyyat məsələsi xüsusi əhəmiyyət daşıyır. Ölkəmiz Avropa ilə Asiyanı birləşdirən mühüm marşrutların üzərində yerləşir. Bu baxımdan, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri Azərbaycan ilə ŞƏT üzvü olan dövlətlər arasında əlaqələrin inkişafı üçün yaxşı imkan yaradır. Bu marşrutlar vasitəsilə yükdaşımaların həcmini artırmaq, yeni logistika imkanları yaratmaq və ticarət əlaqələrini genişləndirmək mümkündür".
"Azərbaycanın nəqliyyat infrastrukturu da bu prosesdə mühüm rol oynayır. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, dəmir yolları və avtomobil yolları ölkənin regional nəqliyyat sistemindəki mövqeyini gücləndirir. Bu imkanlardan ŞƏT ölkələri ilə əlaqələrin qurulması və genişləndirilməsi üçün istifadə etmək mümkündür. Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasətdə Mərkəzi Asiya və Asiya ölkələri ilə əlaqələrin inkişafı mühüm yer tutur. Son illərdə Azərbaycan bu regionun dövlətləri ilə siyasi dialoqu və iqtisadi əməkdaşlığı gücləndirib. Nəqliyyat və logistika layihələrinin inkişafına verilən diqqət də bu siyasətin mühüm hissəsidir. Bu yanaşma Azərbaycanın regional proseslərdə rolunu artırır və ölkəmizin müxtəlif tərəfdaşlarla daha sıx əlaqələr qurmasına şərait yaradır", - deputat vurğulayıb.
Onun sözlərinə görə, ticarət sahəsində də əməkdaşlıq üçün imkanlar böyükdür:
"Azərbaycan ŞƏT ölkələri ilə kənd təsərrüfatı, sənaye, enerji, nəqliyyat və digər sahələrdə əlaqələri genişləndirə bilər. Qarşılıqlı ticarətin artması biznes dairələri arasında yeni əlaqələrin yaranmasına və birgə layihələrin həyata keçirilməsinə şərait yarada bilər. Enerji sahəsi də diqqətçəkən istiqamətlərdəndir. Azərbaycanın enerji resursları və Avropaya uzanan enerji layihələri ölkənin regional əhəmiyyətini artırır. ŞƏT ölkələri ilə enerji təhlükəsizliyi, enerjidaşımaları və yeni layihələr üzrə fikir mübadiləsinin aparılması qarşılıqlı maraqlara cavab verə bilər".
"Humanitar sahədə əməkdaşlıq da münasibətlərin inkişafına töhfə verə bilər. Təhsil, mədəniyyət, turizm və elm sahələrində əlaqələrin genişləndirilməsi xalqlar arasında münasibətləri daha da yaxınlaşdırar. Bu istiqamətdə tələbə və alim mübadilələri, mədəni tədbirlər və birgə layihələr üçün imkanlar var. Azərbaycanın ŞƏT ilə münasibətlərinin inkişafı ölkəmizin Mərkəzi Asiya və Asiyanın digər dövlətləri ilə əlaqələrinin genişlənməsi baxımından da əhəmiyyətlidir. Bakı müxtəlif nəqliyyat və iqtisadi layihələrdə iştirak etməklə bu regionlarla Avropa arasında əlaqələrin gücləndirilməsinə öz töhfəsini verir", - MM üzvü diqqətə çatdırıb.
Müsahibimiz sonda əlavə edib ki, Azərbaycan ilə ŞƏT arasında əməkdaşlıq üçün kifayət qədər geniş baza mövcuddur:
"Nəqliyyat dəhlizlərinin inkişafı, ticarətin artırılması, enerji və logistika layihələri, eləcə də humanitar əlaqələr bu əməkdaşlığın əsas istiqamətlərini təşkil edə bilər. Qarşılıqlı maraqların nəzərə alınması münasibətlərin gələcəkdə daha da genişlənməsinə şərait yaratmaq potensialına malikdir".