Londonda mənzillənmiş Beynəlxalq Strateji Tədqiqatlar İnstitutu (The International Institute for Strategic Studies - IISS) özünün növbəti “Hərbi balans 2014” (Military balance 2014) adlı hesabatını açıqlayıb.
Oxu.Az-ın Azadlıq Radiosuna istinadən verdiyi xəbərə görə, hesabatın Cənubi Qafqaza aid hissəsində qeyd edilir ki, bu regionda ən diqqətəlayiq məqam Azərbaycanın hərbi xərcləri artırmasıdır.
Prezident İlham Əliyevin bəyanatına əsasən ölkənin müdafiə büdcəsi 2012-ci ildəki 3 milyard dollardan 2013-cü ildə 3,7 milyard dollara çatdırılıb. (2013-cü ilin dövlət büdcəsində “Müdafiə xərcləri” bölməsində 1,53 milyard manat göstərilir. Bu da təxminən 2 milyard ABŞ dollarıdır. Amma ekspertlər qeyd edirlər ki, əslində büdcədə başqa xərc maddələrində də silahlı qüvvələrə vəsait var. Hamısı birlikdə ölkə prezidentinin qeyd etdiyi kimi 4 milyard dollara yaxındır - red.)
Hesabat müəllifləri bildirirlər ki, bu vəsait Azərbaycana Silahlı Qüvvələrin köhnəlmiş cəbbəxanasının yenilənməsinə imkan verməlidir.
Qeyd edilir ki, Azərbaycan 2012-ci ilədək hərbi texnikanı və silahları Ukraynadan alırdısa, 2013-cü ildən başlayaraq Rusiya üç il müddətində Azərbaycana ümumi dəyəri 4 milyard dollar olan silah və texnika satacaq.
Azərbaycanın hərbi büdcəsinin həmin o 4 milyarddan az olması nəzərə alınarsa, belə bir nəticəyə gəlmək olar ki, qarşıdan gələn üç ildə Bakının hərbi xərcləri indikindən ən azı iki dəfə çox olmalıdır.
Sənəddə bu da bildirilir ki, Azərbaycan Cənubi Koreyada istehsal olunan silahlara da maraq göstərir, lakin bu istiqamətdə real iş görüldüyü barədə məlumat yoxdur.
Azərbaycan bir sıra silahların ölkədə istehsalına da başlayıb və 2011-2012-ci illər arasında yerli istehsal 12 faiz artıb.
Sənəddə qeyd edildiyinə görə, hazırda Azərbaycanda 700 adda hərbi məhsul istehsal edilir, amma buna baxmayaraq, qarşıdan gələn illərdə Azərbaycan hərbi-müdafiə məhsullarını xaricdən almaqda davam edəcək.
Müəlliflərin fikrincə, hərbi texnika baxımından Azərbaycan Ermənistandan xeyli üstün olsa da, Azərbaycan Silahlı Qüvvələrinin əməliyyat qabiliyyəti haqqında nəsə demək çətindir.
Bu da vurğulanır ki, Azərbaycan hərbi texnika baxımından üstünlüyə neft gəlirlərinin hesabına nail ola bilib.
