Fevral ayının 20-də Mədəniyyət və Turizm Nazirliyində Mərakeş krallığının beynəlxalq əlaqələr, milli müdafiə, islam məsələləri və mərakeşlilərlə iş Komitəsinin sədri Əli Kəbiri və onu müşayiət edən nümayəndələrlə görüş keçirilib.
Oxu.Az Day.az-a istinadən bildirir ki, Azərbaycan mədəniyyət və turizm naziri Əbülfəz Qarayev, yüksək səviyyəli görüşlərin mədəni əməkdaşlığın yaradılmasında böyük rol oynadığını qeyd edərək, turizm məsələsini xüsusi vurğulayıb.
“Azərbaycanla tanışlıq bizim ölkələrin turizm imkanlarını daha yaxından öyrənməyə və daha sıx turizm mübadiləsi etməyə zəmin yaradacaq” – deyə Ə.Qarayev bildirib.
Nazir xatırladıb ki, Bakıda artıq iki dəfə Mərakeş mədəniyyət günləri və Mərakeşdə isə Azərbaycan mədəniyyət günləri keçirilib.
Beynəlxalq əlaqələr, milli müdafiə, islam məsələləri və xaricdə yaşayan mərakeşlilərlə iş Komitəsinin sədri Əli Kəbiri dəvət və qəbula görə təşəkkür edərək, qeyd edib ki, bu səfər əməkdaşlığın konkret prioritet tərəflərini müəyyən edərək, hal-hazırda hazırlanan mədəniyyət üzrə Konvensiyaya əlavə etmək olar.
Qonaq həmçinin Mərakeşdə turizmin inkişafı barədə danışaraq, ölkəyə il ərzində 10 milyon turistin gəldiyini söyləyərək, ölkələrimiz arasında turistik əlaqələrin dinamik inkişafından əmin olduğunu söyləyib.
Görüş zamanı tərəflər üçün maraqlı olan məsələlər barədə fikir mübadiləsi aparılıb.