10 il ərzində DSMF-in büdcəsinə daxil olmuş sosial sığorta haqlarının məbləği 8 dəfə artaraq 1 milyard 780 milyon manatı ötüb. Bu artımlar, eləcə də pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə ayrılan əlavə dövlət dəstəyi hesabına pensiya xərclərinin ölkənin ÜDM-ə olan nisbəti əhəmiyyətli şəkildə yüksəlib, 2003-cü ildə 3,9% təşkil etdiyi halda, 2014-cü ildə 5%-ə çatıb.
Oxu.Az xəbər verir ki, bu sözləri Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev Dünya Bankının nümayəndələri ilə görüşü zamanı bildirib.
Elman Mehdiyev qeyd edib ki, Azərbaycan pensiyaların orta aylıq məbləğinə görə MDB-nin 4 dövləti içərisində ön pillədə qərarlaşıb:
“2003-2014-cü illər ərzində əmək pensiyalarının orta aylıq məbləği 9,4 dəfə artaraq 18,4 manatdan 173 manata, yaşa görə pensiyaçılar üzrə əvəzetmə əmsalı 29,3 faizdən 43,4 faizə çatdırılıb.
Bu artım dinamikası MDB-nin pensiyaların məbləği nisbətən yüksək olan ilk 4 dövləti içərisində ən yuxarı artımdır. Bu sırada MDB-nin minimum əməkhaqqı göstəricisi yüksək olan ilk 3 dövləti arasında pensiyanın minimum məbləğinin əməkhaqqının minimum məbləğinə nisbətinə görə ölkəmizin ilk yerdə qərarlaşması xüsusi qeyd olunmalıdır”.