Vergilər Nazirliyi tərəfindən keçirilmiş sayca 10-cu işə qəbul müsabiqəsi başa çatıb.
Oxu.Az-a bu barədə nazirlikdən bildirilib.
Müsabiqədə iştirak etmək üçün elektron ərizə ilə müraciət edən 1936 nəfərdən 1717-nin sənədləri qəbul olunub. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ilə birgə təşkil olunmuş test imtahanında 1373 nəfər iştirak edib.
Xatırladaq ki, imtahanda iştirak edən namizədlərdən 289 nəfəri - 70 və daha yüksək bal toplayaraq növbəti mərhələyə - müsahibəyə buraxılıb.
Namizədlər Vergilər Nazirliyinin müsabiqə komissiyası tərəfindən təşkil olunan müsahibədə iştirak edib. 164 nəfər gənc bu mərhələni də uğurla başa vurub və vergi orqanlarında işlə təmin olunmaq imkanı əldə edib.
Qeyd edək ki, indiyədək keçirilmiş 9 müsabiqə nəticəsində vergi xidmətinə 1000 nəfərdən çox gənc işə qəbul olunub.