Bu gün “Tbilisi Kəmər və Yol Forumu” çərçivəsində Bakı Beynəlxalq Dəniz Ticarət Limanı QSC (Bakı Limanı) və Anaklia İnkişaf Konsorsiumu MMC (AİK) arasında əməkdaşlığa dair anlaşma memorandum imzalanıb.
Oxu.Az-ın məlumatına görə, müqavilə Bakı Limanının Baş direktoru Taleh Ziyadov və AİK-in Baş icraçı direktoru Levan Akhvlediani tərəfindən imzalanıb.
Trans-Xəzər marşrutunun artan rolu, Azərbaycan və Gürcüstan ərazisində logistika xidmətlərinin inkişafında ortaq maraqlar, o cümlədən nəqliyyat logistikası sahəsində daha innovativ yanaşmalara əsaslanan biznes əməkdaşlığının qurulması istəyi bu əməkdaşlığa təkan verən amillər arasındadır.
Memoranduma əsasən qeyd olunan qurumlar arasında əməkdaşlıq genişlənəcək və təcrübə mübadiləsi həyata keçiriləcək. Bununla yanaşı, memorandum liman idarəçiliyi, həm də liman heyətinin təlim və tədrisi sahələrində əməkdaşlıq və təcrübə mübadiləsini ehtiva edir. Trans-Xəzər marşrutu boyunca vahid və rəqabətə davamlı tariflərin verilməsi, konteyner və quru yük daşımasını artırmaq üçün ortaq planların hazırlanması da memorandumun şərtləri arasındadır.
Xatırladaq ki, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) çərçivəsində Bakı Limanı Qazaxıstanın Aktau və Kurik limanları, Gürcüstanın Poti və Batumi limanları, Türkiyənin Samsun limanı və Rumıniyanın Konstanta limanı ilə də əməkdaşlıq edir.
Həmçinin, Bakı Limanı son illərdə Antverpen, Panama, Aktau və Poti limanları ilə Anlaşma Memorandumu imzalamış, Qətər və Sinqapur limanı ilə yaxın əməkdaşlıq etməkdədir.
S.B.
www.oxu.az