I Avropa Olimpiya Oyunları ilə əlaqədar olaraq 2015-ci ildə bütün dayanacaqlarda Wi-Fi quraşdırılacaq.
Oxu.Az ANS TV-yə istinadən xəbər verir ki, şəbəkə vətəndaşlara istənilən vaxt dayanacaqda sərbəst şəkildə pulsuz olaraq internetə qoşulma imkanı verəcək.
Yeni quraşdırılacaq sistem Nəqliyyat Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən idarə olunacaq. Sistemin paytaxtdakı bütün dayanacaqlarda quraşdırılması nəzərdə tutulub.
Şəbəkənin quraşdırılmasında əsas məqsəd Avropa Yay Olimpiya Oyunlarında əhaliyə və turistlərə keyfiyyətli xidmət göstərməkdir. Yəni, turistlər internetə rahat şəkildə qoşularaq məlumatları asanlıqla əldə edib ötürə biləcəklər.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Namiq Həsənov bu sistemin çoxdan quraşdırılmalı olduğunu deyir. Onun sözlərinə görə, müəyyən səbəblərə görə bu sistem geciksə də artıq onun yerləşdirilməsi üçün bir problem yoxdur.
Qeyd edək ki, artıq bir sıra inkişaf etmiş ölkələrdə bu sistem tətbiq olunub. Bizə isə 2015-ci ili gözləmək qalır.
E.Ə.
www.oxu.az