“Keçmiş “Sovetski” adlandırılan ərazidən 10 minə yaxın ailənin köçürülməsi planı əmlak bazarına yeni axının yaranmasına gətirib çıxaracağı gözlənilir”.
Oxu.Az Marja-ya istinadən xəbər verir ki, bunu iqtisadçı Vüqar Bayramov bildirib.
Onun sözlərinə görə, evlərin köçürülməsi fondunda yalnız nağd kompensasiyaların ödənilməsi “yeni evsizlərin” mənzil axtarmasına səbəb olacaq. Bu isə artıq 10 min alıcı deməkdir. Paytaxtın əmlak bazarına qısa zamanda minlərlə alıcının daxil olması isə birmənalı şəkildə tələbin yüksəlməsinə və nəticədə qiymət artımlarına gətirib çıxaracaq.
“Bu baxımdan, ötən il mənzil bazarında müşahidə edilən artımlarının 2014-ci ildə də davam edəcəyi gözlənilir. Müstəqil hesablamalara görə, 2013-cü ildə paytaxtın mənzil bazarında 12 faizə yaxın qiymət artımları qeydə alınıb. Eyni zamanda, bu artımların sadəcə tələbatın artması deyil, eyni zamanda bazara dolayı olsa da nəzarət edənlərin süni alətlərdən istifadə etməsi nəticəsində baş verir”, - deyib V.Bayramov.
Kompensasiyaların məbləğini nəzərə alaraq Bakıda mərkəzə yaxın rayonlarda əsasən 2 otaqlı mənzillərə, nisbətən kənar ərazilərdə isə 3 və daha çox otaqlı evlərə tələbatın artacağı gözlənilir. Kompensasiya məbləğlərinin şəhərin mərkəzindəki evlərə tələbat yaratmamasına baxmayaraq əmlak bazarındakı qiymət artımları paytaxtın mərkəzi hissələrinə də nüfuz edəcəyi proqnozlaşdırılır.
Mənzil bazarındakı “dillerlərin” evlərə görə kompensasiyanın ödənilməsi faktından yararlanaraq süni şəkildə qiymət artımlarına gedəcəyi güman edilir.
Artıq mənzil bazarında süni qiymət artımları müşahidə edilməkdədir. Kompensasiyaların məbləği hələlik hesablanır, ödənişə yeni başlanılır, amma bazarda qiymət artımları müşahidə edilir:
“Əslində, Bakının yeniləşməsinin qiymət artımlarına gətirib çıxarmaması üçün vətəndaşlara nağd şəkildə kompensasiyalar deyil, onların sökülən evlərinin müqabilində uyğun mənzillərin təklif edilməsi daha məqsəduyğundur. Bu zaman, otaqların sayına uyğun olaraq yaxın ərazilərdə uyğun mənzil təklif edilə bilər.
Bu zaman, dövriyyəyə nağd pul kütləsi və eyni zamanda bazara yeni alıcılar daxil olmur. Bu isə, paytaxtdakı yeniləşmə planlarının mənzil bazarına təsirlərini minimumlaşdırır”.