Bu gün Bakıda SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) və BP-nin əməliyyatçısı olduğu ABƏŞ (Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun gələcək işlənməsi üçün niyyət məktubu imzalayıb.
Oxu.Az-a “BP-Azerbaijan”dan verilən məlumata görə, niyyət məktubunu SOCAR-ın prezidenti Rövnəq Abdullayev ilə BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrell imzalayıb.
Sənəd blokun 2050-ci ilədək işlənməsinə dair razılaşmanın prinsiplərini əks etdirir.
Qeyd edək ki, hazırda AÇG-dən hasilat gündəlik təxminən 620 min barel neft ekvivalenti səviyyəsindədir. AÇG Bakıdan şərqdə təxminən 100 km məsafədə yerləşən nəhəng yataqdır.
O, Xəzər dənizində istismarda olan ən böyük neft yatağıdır və 432 kvadratkilometrdən çox ərazini əhatə edir. Bu yataq 120-170 metr arasında olan su dərinliklərində yerləşir. Məhsuldar layın dərinliyi 2000-3500 metr təşkil edir.
AÇG yatağının işlənməsi üçün mövcud hasilatın pay bölgüsü haqqında saziş 1994-cü ilin sentyabr ayında 30 illik müddətə imzalanıb. Yataqdan neft hasilatı 1997-ci ilin noyabr ayında başlanıb. Bu vaxtadək yataqdan 3 milyard bareldən çox neft hasil edilib və təxminən 33 milyard dollar sərmayə qoyulub.
AÇG yatağında altı hasilat platforması mövcuddur və onlar boru kəmərləri vasitəsilə Bakı yaxınlığında yerləşən dünya səviyyəli Səngəçal terminal ilə birləşdirilib. AÇG yatağından hasil edilən neft həmin terminaldan əsasən Bakı-Tbilisi-Ceyhan neft ixrac boru kəməri və Supsayadək uzanan Qərb İxrac Boru Kəməri vasitəsilə dünya bazarlarına ixrac edilir.
U.A.
www.oxu.az