2007-ci ildən fəaliyyətə başlayan SOCAR Rumıniya nümayəndəliyi ötən müddət ərzində Balkan bazarında öz layiqli yerini tutmaqdadır, bu isə Şərqi və Mərkəzi Avropa bazarlarına çıxış deməkdir.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Rumıniya nümayəndəliyinin rəhbəri Həmzə Kərimov “Socar Plus” jurnalına verilən müsahibədə deyib.
Onun sözlərinə görə, bu gün SOCAR nəinki regionda, dünya miqyasında çox böyük nüfuza malik olan beynəlxalq səviyyəli şirkətdir.
“SOCAR öz törəmə müəssisəsi olan “SOCAR Petroleum SA” vasitəsilə hər ay Rumıniyada 15.000 tondan artıq neft məhsullarının satışını həyata keçirməkdədir. Hazırda “SOCAR Petroleum SA” şirkətinin əsas fəaliyyət sahəsinə neft məhsullarının topdan və pərakəndə satışı, “SOCAR” brendi altında yanacaqdoldurma məntəqələrinin və digər neft-qaz infrastrukturlarının tikintisi daxildir”.
H.Kərimov qeyd edib ki, SOCAR-ın Rumıniya bazarlarında neft məhsullarının topdan və pərakəndə satışına 2011-ci ildən etibarən başlanıb.
“Başlanğıcda “SOCAR” brendi altında ilk YDM-lər ölkənin şimal-şərq sərhədlərində – Moldova ilə həmsərhəd olan şəhərlərdə açılıb. Hal-hazırda Rumıniyada “SOCAR” brendi altında fəaliyyət göstərən YDM-lərin sayı 20-yə çatıb”.
Müsahibə zamanı H.Kərimov xüsusilə qeyd edib ki, qarşıya qoyulan əsas məqsədlərdən biri də bütün Rumıniyanı əhatə etməklə bu məntəqələrin sayını 100-ə çatdırmaqdır:
“Yaxın zamanlarda paytaxt Buxarestdə də “SOCAR” brendi altında yeni yanacaqdoldurma məntəqəsi istifadəyə veriləcək”.
Onun sözlərinə görə, ayrılan ərazidə hazırda tikinti işləri davam etdirilir.
“İstifadəyə verilən YDM-lərdə istehlakçıların “Euro Dizel 95”, “Super Euro Dizel 98”, “Benzin 95” və “Benzin 98” tipli neft məhsulları ilə mavi qazla təmin edilməsi üçün hər cür şərait yaradılıb. YDM-lərdə ənənəvi olaraq “NAR” kafe fəaliyyət göstərir, 24 saat pulsuz internet xidmətləri təqdim edilir. Hazırda “SOCAR Petroleum” tərəfindən “SOCAR Fleet CARD” layihəsi də dövriyyəyə buraxılıb, sürücülər yanacaq doldurarkən müəyyən bonuslar da əldə etmiş olurlar”, - deyə, o bildirib.
Gülnarə Zeynalova
www.oxu.az