Fevralın 5-də Bakıda Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrasına həsr olunmuş konfrans keçirilib.
Oxu.Az dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, konfransda Azərbaycan Respublikası Kənd təsərrüfatı naziri Heydər Əsədov çıxış edib.
Nazirin sözlərinə görə, 2004-2013-cü illərdə kənd əhalisinin sayının 10,2 faiz artımı ilə müqayisədə ümumi kənd təsərrüfatı məhsulları istehsalının həcmi 3,3 dəfə artıb.
“Heyvandarlıq məhsulları istehsalı isə 2004-cü ildəki 697 milyon manata qarşı 2013-cü ildə 2 milyard 617 milyon manat təşkil edərək və yaxud təxminən 3,8 dəfə artaraq ümumi kənd təsərrüfatı məhsulunun strukturunda payı 49,5 faizə çatıb.
“2004-2013-cü illər ərzində iribuynuzlu mal-qaranın baş sayı 17,1 faiz artaraq 2 milyon 713 minə, qoyun və keçilərin baş sayı 15,6 faiz artaraq 8 milyon 661 minə, quşların sayı isə 40,1 faiz artaraq 25,5 milyona çatıb.
İribuynuzlu mal-qaranın baş sayının 17,1, qoyun və keçilərin baş sayının 15,6 faiz artması müqabilində intensiv inkişaf, yəni, onların cins tərkibinin dəyişdirilib, daha məhsuldar cinslərlə əvəz edilməsi həmin dövrdə ət istehsalının 51,3, süd istehsalının 49,9, yumurta istehsalının isə 68,9 faiz üstün artımına səbəb olub”.
Heydər Əsədov qeyd edib ki, son 10 ildə torpaqların istifadə vəziyyətinin statistik təhlili göstərib ki, 2004-cü ildə mövcud olan 1 milyon 635 min hektar əkin yerinin 79,2 faizində əkin aparıldığı halda, 2013-cü ilə 1 milyon 695 min hektar əkin sahəsinin 99,4 faizində əkin aparılıb ki, bu da əkin sahəsinin demək olar tam həcmdə dövriyyəyə cəlb olunduğunu göstərir.
Onun sözlərinə görə, Respublikanın ümumi ərazisinin 52,4 faizi kənd təsərrüfatına yararlı torpaqlardır.
Heydər Əsədov xüsusilə qeyd edib ki, Prezident İlham Əliyevin Sərəncamı ilə 2004-cü ildə yaradılmış “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə 2005-2013-cü illər ərzində dövlət büdcəsindən və ehtiyat fondları hesabına 458 milyon manat vəsait ayrılıb, təkrar istifadədən qaytarılan 179 milyon manat və eləcə də müxtəlif mənbələrdən ayrılan 13 milyon manat da daxil olmaqla, onun investisiya portfeli 650 milyon manat təşkil edib.
“Bu vəsaitlər hesabına həmin dövrdə 1200-dən artıq yeni kombayn, 5145 traktor, 184 ekskavator və digər kənd təsərrüfatı texnikaları və texnoloji avadanlıqları alınaraq 6591 nəfər müxtəlif hüquqi və fiziki şəxslərə lizinqə verilib və ya lizinq yolu ilə satılıb ki, bu da kənd təsərrüfatı məhsulları istehsalçılarının texniki təchizatında müstəsna rol oynayıb”.