Çərşənbə axşamı Bakıda “Four Seasons” hotelində informasiya və kommunikasiya texnologiyaları sahəsində dünya lideri olan “Huawei” şirkəti tərəfindən başladılan “Gözəl Azərbaycan” yeni sosial layihəsinin təqdimat mərasimi baş tutdu.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, “Bakcell” şirkəti, 1news.az və AZƏRTAC informasiya agentlikləri, Oxu.Az saytı və CBC telekanalı layihənin tərəfdaşları qismində çıxış etdilər.
“Huawei Azərbaycan” şirkətinin marketinq şöbəsinin müdiri Fərhad Rzayev tədbirdə çıxış edərkən qeyd etdi ki, “Gözəl Azərbaycan” layihəsinin məqsədi dünyanı Azərbaycan və onun xalqı ilə tanış etməkdir.
Onun sözlərinə görə, altı ay üçün nəzərdə tutulan bu layihə dörd müxtəlif istiqamətdə həyata keçiriləcəkdir: “Gözəl Zəkalar”, “Gözəl Mədəniyyət”, “Gözəl Xalq” və “Gözəl Təbiət”.
“Hər istiqamətin öz proqramı olacaq və Bakı və Azərbaycanın müxtəlif regionlarını əhatə edəcək. Beləliklə, “Gözəl Azərbaycan” layihəsi Azərbaycan təbiətinin zənginliyini, müxtəlifliyini və gözəlliyini nümayiş etdirmək məqsədini daşıyır. Bu layihə çərçivəsində fotomüsabiqənin keçirilməsi nəzərdə tutulur. Qaliblər isə “Huawei” şirkəti tərəfindən hədiyyələrlə təltif olunacaqlar.
“Gözəl Azərbaycan” layihəsi Azərbaycan tarixindən söhbət açaraq, onun xalqının daxili gözəlliyini meydana çıxaracaq.
“Gözəl Azərbaycan” layihəsi çərçivəsində isə Azərbaycanın müxtəlif guşələrində mədəni və əyləncə tədbirləri keçiriləcək. Bu arada, “Huawei Azərbaycan” artıq Naxçıvanda “Gözəl Zəkalar” istiqamətinin bir hissəsi olaraq “Seeds for the Future” (“Gələcək üçün Toxumlar”) lahiyəsinə start verdi. Nəticədə Naxçıvan Dövlət Universitetinin 6 ən bacarıqlı tələbəsi seçildi, onlar Çində “Huawei” şirkətinin baş ofisində iki həftəlik təlim keçəcəklər”, - F.Rzayev qeyd etdi.
Öz növbəsində, Azərbaycanın Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini İltimas Məmmədov ölkədə telekommunikasiya sektorunun inkişafında “Huawei” şirkətinin rolunu qeyd etdi.
Onun sözlərinə görə, Azərbaycanın telekommunikasiya və informasiya şəbəkəsi inkişaf edir və təkmilləşdirilir. Bununla əlaqədar müasir avadanlıq əldə olunur, o cümlədən ölkənin ucqar və əlçatmaz yerlərində şəbəkə əhatəsi genişləndirilir.
“Huawei” şirkəti Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən keçirilən bütün tenderlərdə fəal iştirak edir. Şirkət artıq dörd tenderdə iştirak edib” - İ.Məmmədov söylədi.
“Gözəl Azərbaycan” layihəsi haqqında danışaraq nazir müavini onun mühümlüyünü vurğuladı və qeyd etdi ki, bu layihənin əhəmiyyətini onun tamamlandıqdan sonra hiss edəcəyik.
Çin Xalq Respublikasının Azərbaycandakı səfiri Xun Tsyuin söylədi ki, Azərbaycan və Çin arasında olan 24 illik dostluq əlaqələri uğurla inkişaf etməyə davam edir.
“Ölkələrimizin iqtisadiyyatlarının diversifikasiyasi nəticəsində Azərbaycan və Çin iş adamları arasında əlaqələr inkişaf edir. Çinin ən nüfuzlu şirkətlərdən biri olan “Huawei” şirkəti Azərbaycanın telekommunikasiya sektorunun inkişafına öz töhfəsini verir”, - deyərək səfir bildirib.
O, “Gözəl Azərbaycan” layihəsinin uğurlu olacağından əminliyini bildirib və bu layihə sayəsində ölkə haqqında dünyada, həmçinin Çində daha çox öyrəniləcəyini, Çin iş adamlarının Azərbaycana gəlib investisiya yatıracaqlarını qeyd edib.
Öz növbəsində, “Bakcell” şirkətinin baş icraçı direktoru Nikolay Bekers qeyd etdi ki, “Huawei” onun başçılıq etdiyi şirkət üçün avadanlıqların əsas təchizatçılarından biridir.
“Biz bir çox birgə layihələri həyata keçirmişik və “Gözəl Azərbaycan” layihələr sırasında çox əhəmiyyətlidir. Bu ortaq dəyərləri paylaşdığımızın göstəricisidir. Bu layihənin seçilməsi çox uğurlu olub və onu göstərir ki, “Bakcell” və “Huawei Azərbaycan”ın gözəlliklərini geniş təbliğ etməyə hazırdırlar”, - N.Bekers bildirib.
“Huawei Azərbaycan”ın baş icraçı direktoru Çao Zejun deyib ki, bütün dünyada məhsulları istifadə olunan “Huawei” şirkəti bir sıra genişmiqyaslı sosial layihələr həyata keçirir.
“Gözəl Azərbaycan” layihəsi - bizim birinci, eyni zamanda ən böyük layihəmizdir. Ölkədə 15 illik təcrubəsi olan şirkət kimi “Huawei” brendin irəliləyiş və yerli gənclərin yeni texnologiyalar sahəsində maarifləndirilməsi məqsədi ilə bu möhtəşəm layihəni keçirməyə qərara aldı. Bu, yalnız başlanğıcdır. Biz inanırıq ki, layihə uğurlu olacaq və biz Azərbaycan ilə birgə bir çox irimiqyaslı layihələr həyata keçirəcəyik”, - Çao Zejun vurğuladı.
“Dünyanın aparıcı telekommunikasiya şirkəti olan və Azərbaycanda fəaliyyət göstərən bir neçə İKT şirkətləridən biri kimi, biz hesab edirik ki, bu ölkənin gənc nəsli üçün müxtəlif imkanlar yaradaraq bir çox şey edə bilərik. Şirkətimizin baş ofisində təlim keçmək imkanı dünyanın bir çox gənci üçün bir məqsəddir. Biz xoşbəxtik ki, bu il bu imkanı Azərbaycan tələbələri üçün yaradırıq”, - “Huawei Azərbaycan”ın baş icraçı direktoru söylədi.
“Huawei”in Mərkəzi Asiya üzrə baş icraçı direktoru Can Dongliang öz növbəsində qeyd etdi ki, bu şirkət artıq 15 ildir ki Azərbaycanda mövcuddur və onun dünyada fəaliyyətindən söhbət açdı.
“İKT bazarında biz dayanıqlı şirkətik. 170 ölkədə nümayəndəliyimiz var, 500 ən iri şirkət sırasında şirkətimiz 228-cı yeri tutur. “Huawei” şirkətinin 16 elmi-tədqiqat mərkəzi var. Şirkətdə 176 min əməkdaş çalışır. 2015-ci ildə 108 milyon “Huawei” smartfonu satılıb. Bu, 2014-cü il ilə müqaisədə 44% çoxdur və bu göstərici bizi “Apple” kimi nəhəng ilə rəqabətə çıxarır”, - Can Dongliang vurğuladı.
Sonrakı mətbuat konfransında o, Azərbaycanda İKT sektorunun inkişaf konsepsiyasının inkişafında “Huawei” şirkətinin iştirak etmək niyyətini ifadə edib.
“Azərbaycan telekommunikasiya bazarı böyük potensiala malikdir və biz bu potensialdan istifadə etmək istəyirik. Bir sıra ölkələrin İKT konsepsiyasının inkişafında iştirak etmişik və ümüdvarıq ki, Azərbaycanda da bu işə cəlb olunacağıq. Azərbaycandakı biznesimiz haqqında narahat olmuruq, biz burada uğurla işləyib, telekommunikasiya sahəsini inkişaf etdirəcəyik”, - deyə Can Dongliang söylədi.
Keçən illər ərzində “Huawei” şirkətinin Azərbaycana investisiyası haqqında sualı cavablandıraraq Ç.Zejun qeyd etdi ki, ölkədə 15 illik fəaliyyəti ərzində işə təxminən 2 min adam cəlb olub.
“Hesab edirəm ki, bu, ən böyük investisiyadır. Bundan başqa, biz burada başqa şirkətlər ilə əməkdaşlıq edirik, bu da həmçinin investisiyadır”, - “Huawei Azərbaycan”ın baş icraçı direktoru dedi.
“Gözəl Azərbaycan” layihəsinə qayıdaraq, o söylədi ki, bu layihənin müəyyən edilmiş büdcəsi yoxdur.
“Hər şey ictimai maraqdan asılı olacaq. Biz istəyirik ki, bu layihəyə Azərbaycanın regionlarındanda maraq olsun”, - deyə Ç.Zejun bildirdi.