Oxu.Az Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban ilə müsahibəni təqdim edir.
- İlham bəy, bu gün neft bazarında nə baş verir?
- Neft bazarında hər hansı bir qeyri-adi bir proses baş vermir. Ona görə ki, bazar iştirakçıları, neft təhlilçiləri, enerji agentlikləri mayda proqnoz edirdilər ki, neftin qiyməti 40 dollardan aşağı bir qiymətə ucuzlaşacaq. Bu isə baş vermədi və bunun baş verməməsinin də obyektiv səbəbləri oldu. Bu vaxt isə neftin qiymətləri iyun ayının 9-da 2016-ci ilin ən yüksək səviyyəsinə, yəni 52 dollar 86 sent səviyyəsinə qalxdı.
Bu isə onunla əlaqədar idi ki, Afrikanın ən böyük neft istehsalçılarından olan Nigeriyada qəbilələr arasında qarşıdurma baş verdi. Onlar Qərb şirkətlərinin infrastrukturuna hücum edib onu sıradan çıxartdılar. Neft hasilatı 500 min barel aşağı düşdü.
Bundan başqa, Şimali Amerikanın ən böyük neft hasilatı bölgəsində meşə yanğınları baş verdi. Neft hasilatı bununla yenə azaldı. Afrikanın şimali, Liviyada münaqişə baş verdi, bunun nəticəsində bazarda birdən-birə neftin qiyməti ən yüksək həddə qalxdı.
Ondan sonra isə neftin qiymətinin aşağı düşməsi heç də gözləntilərdə olduğu kimi olmadı. Nəticədə iyun ayında neftin orta qiyməti 49 dollar oldu. Ancaq iyul ayında neftin qiyməti artıq aşağı enməyə doğru üz tutdu, amma bu uzunmüddətli olmadı. Ancaq təqribən iyulun üçüncü ongünlüyündə sürətlə qiymətlər ucuzlaşmaya başladı. Bununla iyun ayının axırıncı günündəki qiymətlər ilə müqayisədə 20%-lik bir enmə müşahidə edildi.
Bu da ən əsas səbəbi ondan ibarət idi ki, neft bazarında tələb təklifi üstələyirdi. İlin birinci yarısı ilə bağlı çıxarılan hesabatlar onu göstərirdi ki, həm Rusiya, həm də Səudiyyə Ərəbistanı, o cümlədən İran və İraq neft hasilatı ilə bağlı çox böyük naliyyətlər əldə ediblər. O cümlədən ABŞ-da şist neft yataqlarında təqribən üç həftə idi ki, buruqların sayı durmadan artırdı. Yəni, bu qiymətlərin enməsinə gətirib çıxarmalı idi.
Həmçinin ən böyük səbəb isə artıq ucuz müddət tankerlərdə, quruda yerləşən anbarlarda neft ehtiyatının artıq bundan sonra saxlanmasının kommersiya baxımından sərfəli olmaması idi.
Yəni, neftin qiyməti ki, artıq yüksək həddədir, onu treyderler daha çox bazara çıxardırlar ki, onu satıb, əvvəlki dövrlərdəki xərclərini heç olmasa ödəyə bilsinlər. Nəticə etibari ilə hazırda neftin qiymətinin bir ay, hətta iki ay, bəlkə də ondan çox müddətdə aşağı düşməsini müşahidə edəcəyik. Ola bilsin, bu müddət bir qədər qısa olsun.
Belə ki, sentyabrın sonu və ya dördüncü rübündə neftin qiyməti yenidən 50 dollara qalxa bilər. Bazar bunu diqtə edir. Ancaq ilin birinci yarsında neftin orta qiyməti 39,6 dollar olub.
İyul ayında və ondan sonrakı avqust ayında neftin qiyməti, tutaq ki, 40 dollar ətrafında olsun.
Ancaq bundan əvvəl isə neftin qiyməti iyun ayında 49 dollar olmuşdu. Belə olan şəraitdə ola bilsin ki, neftin qiyməti 40-45 dollar civarında dalğalansın.
Gərək dördüncü rübdə neftin qiyməti 50-55 dollar intervalında olsun ki, biz neftin illik qiymətini 41-42 dollar olaraq görə bilək. Ötən il Brent markalı neftin qiyməti 52,5 dollar idi. Bu isə o deməkdir ki, biz ötən illə müqayisədə qiymətlərdə 10 dollar və ya 20%-lik azalma müşahidə edəcəyik.
- Prezidentlərin (Azərbaycan, Rusiya, İran) Bakı görüşü enerji sahəsində nə vəd edir?
- Bakı görüşündə enerji sahəsində əldə edilə biləcək əməkdaşlıq ilə bağlı artıq energetika naziri Natiq Əliyev anons verib. Söhbət Şimal-Cənub enerji dəhlizinin formalaşdırılması və onun inkişaf etdirilməsi layihəsi gündəmə gələcək.
Yəni, əsas məqsəd ondan ibarətdir ki, Azərbaycan elektrik enerjisini tranzit ölkəsinə çevrilməsində bir oyunçu kimi ortaya çıxsın. Rusiya enerjisinin İranın Şimal bölgələrinə ötürülməsində özünün infrastrukturunu Rusiyaya təklif edəcək. Düzdür, Azərbaycan ilə İran arasında infrastruktur mövcuddur.
Ancaq Rusiya ilə Azərbaycan arasında isə yüksək elektrik ötürücü nəqletmə sistemi bu hələ ki mövcud deyil. Bunun nəticəsində onun yaradılması və ikinci mərhələdə bu enerji dəhlizinin işə salınması məsələsi gündəmə gələ bilər.
- OPEK-in rəhbərinin dəyişilməsi bazara necə təsir edəcək?
- Təsiri olmayacaq. OPEK iyun ayının ikisində Vyanada keçirdiyi konfransında o təşkilatı məsələlərə baxdı, nəticədə sədr dəyişdi. OPEK artıq faktiki olaraq bazardakı qiymət proseslərinə uzun müddətdir ki, bir təşkilat olaraq təsir gücünü itirib. Ancaq bu funksiyanı başda Səudiyyə Ərəbistanı olmaqla, OPEK-in ayrı-ayrı ölkələri yerinə yetirir. Ona görə də, təşkilatın başında kimin durmasının elə bir əhəmiyyəti yoxdur.
Ülviyyə R. Əli
www.oxu.az