“Palmali” şirkətlər qrupuna məxsus “Bakı” tankeri Liviya sahillərində atəşə tutulub.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, Liviya limanından tankerə neft yüklənən zaman gəmiyə Liviya əsgərləri tərəfindən xəbərdarlıq edilib.
Amma xəbərdarlığa məhəl qoyulmadığına görə hərbi gəmilər “Bakı” tankerinə atəş açıblar.
Liviyanın Milli Neft Korporasiyasından verilən məlumatda hadisənin həqiqətən baş verdiyi və tankerin Azərbaycana məxsus olduğu bildirilib.
Məsələ ilə bağlı “Palmali” şirkətlər qrupu da açıqlama verib. Şirkətin vitse-prezidenti İbrahim Nəbioğlu məsələnin təfərrüatlarını danışıb:
“Bu “Palmali” donanmasının ən önəmli afromaks tipli gəmilərindən biridir. Həqiqətən də bu hadisə Liviyanın quru sərhədləri yaxınlığında baş verib. Bu bizim gəmiyə qarşı pirat hadisəsidir. Yəni quldurların hücumudur. Bizim gəmiyə və onun ekipajına heç bir zərər dəyməyib”.
İbrahim Nəbioğlunun sözlərinə görə, bu onlara qarşı ilk belə hadisədir və bunun kökündə Liviyada mövcud olan siyasi proseslər dayanır. O, quldurların məqsədinin gəmini ələ keçirtmək olduğunu deyib.
“Lakin bu baş tutmayıb. Hazırda “Bakı” tankeri Malta sularındadır”.
Öz növbəsində, insidentdən sonra məsələyə münasibət bildirən Liviyanın baş naziri Əli Zeydan xarici neft şirkətlərini tankerlərini yaraqlıların ələ keçirdiyi limanlarda doldurmamağa səsləyib, RİA Novosti “Əl-Cəzirə” telekanalına istinadən xəbər verir.
Əks halda, tankerlər Liviya HDQ tərəfindən batırılacaq, Zeydan bəyan edib.
“NOC-un (Liviyanın milli neft şirkəti) razılığı olmadan tankeri ələ keçirilmiş limanda doldurmağa cəhd edən istənilən ölkə yaxud şirkət... biz onların öhdəsindən gələcəyik” – deyə, Baş nazir vurğulayıb.
Zeydan istənilən tədbirlərin görülə biləcəyini vurğulayıb – “lazım gələrsə, hətta tankerlər məhv ediləcək ya batırılacaq”.
“Biz bütün ölkələri xəbərdar edirik – güzəşt olmayacaq” – deyə, Baş nazir vurğulayıb.