"Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı"nın icrasına uyğun olaraq "Araz-1" və "Araz-2" nasos stansiyalarının, eləcə də təzyiqli boru xətlərinin yenidən qurulmasına başlanılıb.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, mənbəyi Araz çayı olan bu stansiyalar vasitəsilə Babək rayonunun Nehrəm qəsəbəsi, Araz və Çeşməbasar kəndlərinin torpaq sahələri suvarılır.
Nasos stansiyaları uzun illərdir fəaliyyət göstərdiyindən təzyiqli boru xətləri korroziyaya uğrayaraq yararsız vəziyyətə düşüb və istismar müddətini başa vurub.
"Nəticədə il ərzində yüzlərlə qəza halı qeydə alınır. Həmin qəzaların aradan qaldırılması və boruların təmir-bərpası prosesi işin gedişatını xeyli ləngidir. Bu da, öz növbəsində, suvarma prosesində fasilələrin yaranmasına səbəb olur.
Layihəyə əsasən, nasos aqreqatları yenilənəcək, gücü artırılacaq və təzyiqli boruların diametri böyüdüləcək. Bunun nəticəsində suyun sərfi saniyədə 1,4 kubmetrdən 2,5 kubmetrə çatdırılacaq. Layihə tam başa çatdıqdan sonra Nehrəm qəsəbəsindəki 1000 hektar torpaq sahəsi ilə yanaşı, əlavə 2000 hektara yaxın suvarılan torpaq sahəsinin də su təminatı yaxşılaşdırılacaq.
Hazırda layihə üzrə tikinti işləri mərhələli şəkildə davam etdirilir".
Məhərrəm Əliyev