“Aqrar sahənin inkişafı ilə əlaqədar dövlət siyasətinin əsas istiqamətləri ərzaq məhsulları üzrə idxaldan asılılığı azaltmaq, ərzaq təhlükəsizliyini gücləndirmək və ixrac potensialını artırmaqla ölkəni əsas ixracatçı ölkələr sırasına gətirməkdir”.
Oxu.Az xəbər verir ki, bu sözləri Kənd Təsərrüfatı nazirinin müavini İlham Quliyev BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin və Kənd Təsərrüfatı Nazirliyinin birgə təşkilatçılığı ilə FAO-Azərbaycan Tərəfdaşlıq Proqramının (FATP) fəaliyyətə başlamasına həsr olunmuş seminar və FATP-ın Rəhbər Komitəsinin ilk iclasında deyib.
FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Melek Çakmaköz çıxışında, FAO-nun fəaliyyətlərinin ölkədə həyata keçirilməsi istiqamətində hökumətin göstərdiyi mütəmadi dəstəyə görə təşəkkürünü bildirib və qeyd edib ki, FAO-nun bir sıra regional və beynəlxalq tədbirlərində Azərbaycanda görülən işlər nümunə kimi digər ölkələrə təqdim olunur və ölkə təcrübəsi diqqətlə izlənilir.
Bu baxımdan, layihələrin icrasına nəzarət olunmasına və gələcək fəaliyyətlərin planlaşdırılmasına FATP çərçivəsində təsis olunmuş Rəhbər Komitənin böyük töhfə verəcəyini bildirib.
Qeyd edək ki, bu gün təşkil edilən tədbirdə Kənd Təsərrüfatı, Ekologiya və Təbii Sərvətlər, Xarici İşlər və İqtisadiyyat nazirliklərinin, FAO-nun Azərbaycandakı, eləcə də Avropa və Mərkəzi Asiya üzrə alt-regional Ofislərinin nümayəndələri iştirak edib.
U.A.
www.oxu.az