Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) səhm indeksləri strategiyası üzrə əldə etdiyi gəlir 2025-ci ilin sonuna 9.4 milyard ABŞ dollarına çatıb.
Oxu.Az xəbər verir ki, bu barədə APA-ya fonddan bildirilib.
2024-cü il üzrə bu rəqəm 6.3 milyard dollar təşkil edib. Yəni təkcə 2025-ci ildə ARDNF-in səhm protfelinin gəlirləri 49% artıb və 3.1 mlrd. dollara yüksəlib. Fondun səhm portfelinin yarandığı tarixdən ümumi gəlirliliyi isə 330%-ə yüksəlib.
Ümumilikdə fondun səhm portfelinin cari dəyəri 2024-cü ildəki 13.4 mlrd. dollardan ötən il 16.5 mlrd. dollara yüksəlib.
Fond qeyd edib ki, səhm investisiyaları əsasən "MSCI World" indeksi üzrə həyata keçirilir. 2025-ci ilin sonuna bu indeks 23 inkişaf etmiş ölkə üzrə 1 320 şirkətin səhmlərini əhatə edir. Sözügedən şirkətlərin ümumi bazar kapitalizasiyası bir ildə 77 trilyon dollardan 91 trilyon dollara kimi artıb.
Fondun səhmlərinə yatırım etdiyi şirkətlərin 72%-i ABŞ-a, 5.5%-i Yaponiyaya, 3.6%-i Böyük Britaniya, 3.4%-i Kanadaya aiddir. Digər ölkələr üzrə bu rəqəm 3%-dən azdır. Sözügedən şirkətlərin 27%-i informasiya texnologiyaları, 17%-i maliyyə, 11%-i sənaye, 10%-i qeyri-zəruri istehlak malları və digər 9-10%-i isə səhiyyə sektoruna aiddir.
Qeyd edək ki, ARDNF Birja ticarəti fondları (ETF - Exchange Traded Funds) və ya müştərək fondlara (mutual funds) yatırım etmir, indeksə daxil olan şirkətlərin səhmlərini birbaşa alır və daha konservativ, diversifikasiyanı təmin edən passiv idarəetmə strategiyası həyata keçirir.