11 ayda 71 ölkədən 444.6 milyon ABŞ dolları dəyərində ixrac sifarişi daxil olub.
Oxu.Az İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə (İİTKM) istinadən xəbər verir ki, 2017-ci ilin 11 ayı ərzində qeyri-neft sektoru üzrə ixrac 1 milyard 387 milyon ABŞ dolları həcmində olub.
Bu ixrac əməliyyatlarında 1824 subyekt iştirak edib. 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə qeyri-neft sektoru üzrə ixrac 22 faizdən çox artıb. 2017-ci ilin 11 ayı ərzində ən çox qeyri-neft məhsullarımız Rusiya Federasiyasına ixrac edilib. Belə ki, cari ilin 11 ayı ərzində Rusiyaya 498 milyon, Türkiyəyə 264 milyon, İsveçrəyə 133 milyon, Gürcüstana 120 milyon və İtaliyaya 52 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.
Pomidor liderdir
2017-ci ilin 11 ayı ərzində ixrac olunan qeyri-neft sektoru məhsulları arasında pomidor (tomat) birinciliyini qoruyub (140.2 milyon ABŞ dolları). Bu siyahıda ikinci yeri qızıl (116.4 milyon ABŞ dolları), üçüncü yeri isə qabığı təmizlənmiş meşə fındığı (105 milyon ABŞ dolları) tutub.
Ümumiyyətlə isə, 11 ay ərzində meyvə-tərəvəz ixracı 453 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 109 milyon, plastmas və onlardan hazırlanan məmulatların ixracı 88 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 74 milyon, kimya sənayesi məhsullarının ixracı 72 milyon, pambıq ixracı 45 milyon, elektrik enerjisi ixracı 41 milyon, şəkər ixracı 39 milyon, çay ixracı 9 milyon ABŞ dolları təşkil edib.
Xurma və qızıl ixracının dəyəri artıb
Qeyd edək ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin 11 ayı ərzində elektrik enerjisinin ixracı 2 dəfə, pambığın ixracı 2.3 dəfə, çayın ixracı 65 faiz artıb.
Cari ilin noyabr ayında xurmanın ixracının dəyəri 39.7 milyon ABŞ dolları, qızılın ixracının dəyəri 17.9 milyon ABŞ dolları və qabığı təmizlənmiş meşə fındığının ixracının dəyəri 16.1 milyon ABŞ dolları təşkil edib.
İxracda əsas şirkətlər
Ötən ayda qeyri-neft məhsullarının ixrac edildiyi ölkələrin siyahısında ilk beşlikdə Rusiya, Türkiyə, İsveçrə, Gürcüstan və İtaliya təmsil olunub. 2017-ci ilin 11 ayında qeyri-neft sektoru üzrə qeyri-dövlət ixracatçı şirkətlərin siyahısında ilk onluqda “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycanda nümayəndəliyi, “Baku Steel Company” MMC, “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC, “Sun Food” MMC, “MKT İstehsalat Kommersiya” MMC, Talıbov Zabil Ocaqverdi oğlu, “Ram Beynəlxalq Nəqliyyat və Ticarət LTD” MMC, "VN Food Export Import Company" MMC, “CTS-Agro” MMC və “Food Export Şəmkir” MMC təmsil olunur.
Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərin siyahısında isə ilk onluqda ARDNŞ-nin “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi”, “Det-al Alüminium” MMC, “Azergold” QSC, “Azərenerji” ASC, “SOCAR Methanol” MMC, “Ərzaq Məhsullarının Tədarükü və Təchizatı” ASC, ARDNŞ-in “Geofizika və Geologiya İdarəsi”, “Suraxanı Maşınqayırma Zavodu Törəmə” ASC, “Naxçıvan MR Dövlət Energetika Agentliyi” və “Azərbaycan Dəmir Yolları” QSC təmsil olunurlar.
L.Ə.