Ötən gün sosial mediada qaz borusuna hava vurulması ilə bağlı vətəndaş tərəfindən video paylaşılıb. Məsələ sosial media istifadəçilərinin geniş müzakirəsinə səbəb olub ki, bu da abonentlərin bir çoxunda “işlək qaz xəttinə hava vurulması nə dərəcədə realdır?” - suallına cavab tapmaq istəyi yaradıb.
Məsələ ilə bağlı qaz təsərrüfatı üzrə ekspert Nüsrət Qasımov Oxu.Az-a bildirib ki, bu cür fikirlər abonentlərin proseslə əlaqədar kifayət qədər məlumatlı olmamasından irəli gəlir.
Onun sözlərinə görə, qazın özünün müəyyən edilmiş standartı var və burada qazın tərkibində digər maddələrin, həmçinin havanın miqdarı qeyd edilib:
“Qazın tərkibində digər maddələr də olmalıdır. Bəziləri qaza zəhər, bəziləri isə hava vurulduğunu iddia edirlər. Bəli, qaza zəhər vurulur, lakin zəhərləyici həddə olmur. Bu, qış aylarında 1000 kubmetr üçün 16 qram, yay aylarında isə 8 qram təşkil edir. Qaza ona görə vurulur ki, onun iyi hiss olunsun. O ki qaldı havaya, ümumiyyətlə havasız qaz yanmaz”.
Ekspert əlavə edib ki, yeni kəmərlərin kipliyi və möhkəmliyə yoxlanılarkən də qazın maksimal təzyiqindən bir neçə dəfə çox boruya hava vurulur:
“Məqsəd boru xətlərinin davamlılığını və möhkəmliyini yoxlamaqdır. Çünki qaynaq zamanı hissələr birləşdirilərkən boruda dəliklər ola bilər. Bu isə sonradan bir çox fəsadlara yol aça bilər. Ona görə də borular tikinti şirkətləri tərəfindən mütləq yoxlanıldıqdan sonra “Azəriqaz”a təhvil verilir. Ola bilər ki, borunun içərisində müəyyən qədər hava qalsın. Bu isə maksimum 3 kubmetr təşkil edə bilər ki, 1 kubu 25 qəpikdən hesablasaq söhbət cəmi 75 qəpikdən gedir. Bu rəqəmi nəzərə alsaq, aylıq 30 milyon kubmetr qaz satan “Azəriqaz”ın boru xəttinə hava vurmaqda heç bir marağı ola bilməz. Nəticədə 30 milyon kubmetr qarşısında 3 kubmetr çox kiçik bir rəqəmdir”.
Bəzi hallarda təmir işləri aparan tikinti təşkilatlarının xətti zədələndiyi vaxt qaz borularına su dolur və ya vətəndaşların səhlənkarlığı ucbatından su xətləri qaz xətlərinə birləşdirilir. Bu halda qaz təchizatı dayandırılaraq boruya yüksək təzyiqli hava vurulur ki, boruya dolmuş su təmizlənsin. Su təmizlənmədiyi halda isə abonentlərin qaz təchizatında təzyiqlə və s. ilə bağlı problemlər yaranır. Yaxın zamanda belə bir hadisə Ucar rayonu ərazisində baş verib.
Nüsrət Qasımov bildirib ki, çox vaxt vətəndaşlar işlərini qeyri-peşəkarlara həvalə etməklə bu cür hallara yol vermiş olurlar:
“Qazın normal təzyiqi ilə suyu borudan xaric etmək mümkün olmur. Qaz xətti su ilə dolan zaman “Azəriqaz” kompressor vasitəsi ilə xəttə 1-2 atmosfer təzyiqində hava vurmaqla suyu xətdən xaric edir. Qaz təchizatı bərpa edildikdən sonra isə hava soba, kombi və plitələr vasitəsilə çıxır. İstənilən halda, məişət qazının tərkibində müəyyən miqdarında təmiz metan qazı və hava olur. Xüsusilə qaz xəttinə hava vurulması isə cinayətdir və bu cinayətə heç kim gedə bilməz”.
Qeyd edək ki, mövcud məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən də açıqlama verilib. Bildirilib ki, ötən gün sosial şəbəkələrdə Ucar rayonunda 22 Nömrəli Yol İstismarı MMC-ə məxsus kompressor qurğusu ilə təchiz edilmiş maşın tərəfindən yeraltı qaz xəttinə hava vurulması ilə bağlı dövlət qurumlarına qarşı insanlarda mənfi fikir formalaşdıran video dəqiqləşdirilmədən paylaşılıb.
Sözügedən maşının Ucar Rayon Qaz İstismar idarəsinin müraciəti əsasında, yeraltı qaz xəttinə yığılan suyun kompressor vasitəsi ilə çıxarılması və qaz təchizatının təmin olunmasına kömək məqsədi ilə müvafiq əraziyə cəlb edildiyi vurğulanıb.
Nigar Məmmədova