Qobustan şəhərinin içməli su təchizatı və kanalizasiya infrastrukturunun yenidən qurulması layihəsi üzrə tikinti-quraşdırma işlərinə 2014-cü ilin sentyabr ayında başlanılacaq.
Oxu.Az xəbər verir ki, “Azərsu” ASC-dən verilən məlumata görə, Qobustan şəhərində həyata keçiriləcək yenidənqurma işləri Azərbaycan hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (YBƏA) birgə maliyyələşdirdiyi “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi” çərçivəsində icra ediləcək.
“Hazırda layihənin icrası ilə əlaqədar podratçı şirkətin seçilməsi üzrə tender prosedurasına hazırlıq görülür. İyun ayının 17-də iddiaçı şirkətlərə tenderdə iştirak üçün dəvət məktubları və tenderin əsas şərtlər toplusu göndərilib. Tenderdə iştirak etmək istəyən iddiaçılar cari ilin avqust ayının 1-dək texniki və maliyyə təkliflərini ayrı-ayrı zərflərdə təqdim etməlidirlər”, - məlumatda deyilir.
Tender birmərhələli ikizərfli satınalma prosedurasına əsasən keçiriləcəkdir.
Qeyd edək ki, “Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi” çərçivəsində Qusar, Xaçmaz, Xızı, Qobustan və Naftalan şəhərlərinin su təchizatı və kanalizasiya sistemləri yenidən qurulacaq. Artıq Qusar, Xaçmaz, Xızı və Naftalan şəhərlərində tikinti-quraşdırma işlərinə başlanılıb.
Gülnarə Zeynalova
www.oxu.az