Roma şəhərində, İtaliya Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyində Azərbaycan Respublikası və İtaliya Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 4-cü iclası keçirilib.
Oxu.Az xəbər verir ki, Azərbaycanın İtaliyadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə komissiyanın həmsədri, energetika naziri Natiq Əliyevin rəhbərliyi ilə Azərbaycanın müxtəlif dövlət qurumlarını təmsil edən nümayəndə heyəti iştirak edib.
Tədbirdə İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Paolo Centiloni, İtaliya Nazirlər Şurasının katibi Klaudio De Vinçenti, xarici işlər və digər nazirliklərin yüksək vəzifəli şəxsləri iştirak ediblər. Komissiyanın iclasına Azərbaycanın energetika naziri Natiq Əliyev və İtaliya xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Benedetto Della Vedova həmsədrlik ediblər.
İtaliya tərəfdən dövlət qurumlarının nümayəndələri ilə yanaşı, Saipem, Snam, Maire Technimont kimi Azərbaycanla əməkdaşlığı olan şirkətlərin rəhbərləri, eyni zamanda, SACE, SİMEST, Depozitlər və Kreditlər Fondu kimi maliyyə qurumlarının nümayəndələri də çıxış ediblər.
Yekunda həmsədrlər tərəfindən iclasın protokolu imzalanıb.
Komissiyanın iclası ilə yanaşı, İtaliya Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyində hər iki ölkənin aparıcı şirkətlərinin də qatıldığı Azərbaycan-İtaliya biznes forumu keçirilib. Biznes forumda İtaliya və Azərbaycan tərəfdən 200-ə yaxın şirkətin nümayəndələri iştirak ediblər.
Biznes forumu nazir Natiq Əliyev və İtaliya xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Benedetto Della Vedova açıblar.
Tədbirdə Azərbaycanın iqtisadi imkanları, biznes mühiti və xarici sərmayədarlar üçün ölkədə yaradılan şərait, enerji, infrastruktur, kənd təsərrüfatı sahələrində mövcud imkanlar, həmçinin Bakı Beynəlxalq Dəniz Ticarət Limanı barədə təqdimatlar keçirilib. Sonda iş adamları arasında ikitərəfli görüşlər təşkil edilib.