Bizdə iqtisadi vəziyyət heç də ürəkaçan deyil. Bu il bizdə iqtisadi inkişafın sürətində azalma olacaq. Bu azalma təxminən 4 faiz təşkil edir. İqtisadçılarımız belə hesab edir ki, azalmanın səbəbi əsasən neftin qiymətinin qəfildən aşağı düşməsindən irəli gəlir. Bizdə həm də rublun dəyəri gözlənilmədən düşdü. Ona görə yaşamaq o qədər də asan deyil.
Oxu.Az xəbər verir ki, bunu ANS-ə müsahibəsində Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin bildirib.
Səfir deyib ki, baş verənlər fonunda heç bir fəlakətin baş vermədiyini düşünür:
“Əgər xatırlayırsınızsa, SSRİ-nin dağılması da qıtlıq fonunda baş vermişdi. İndi həmin vəziyyət müşahidə olunmur. Biz yaşayırıq, yeni şərtlər altında yaşamağı öyrənirik. Neftin 1 barelinin 15 dollara olması ilə də yaxşı yaşamaq mümkündür”.
Doroxin həmçinin ölkəsinin Suriyadakı əməliyyatları barədə də danışıb:
“Rusiyanın Suriya siyasəti barədə çoxsaylı fikirlər var. Hətta Azərbaycan mətbuatında da qeyd olunur ki, Rusiya bu fürsətdən öz geosiyasi qüdrətini nümayiş etdirmək üçün istifadə etdi. Bu, belə deyil. İstəyirəm ki, bizi düzgün anlasınlar. Rusiya üçün hazırda İŞİD ətrafında baş verən hadisələr milli təhlükəsizlik, praqmatik olaraq milli maraqların məhv edilməsi məsələsidir və Rusiya belə qərara gəldi ki, bu qruplaşmanı öz yerində məhv etmək lazımdır.
Rusiya üçün bu, böyük səfərbərlik idi. Çünki İŞİD-in planında Şimali Qafqaz da var. Bu bölgəni də ələ keçirmək istəyirlər”.
Səfir həmçinin bəyan edib ki, müstəqil, anlaşılan siyasət həyata keçirən və Cənubi Qafqaz sərhədlərimizdə sabitlik adası olan Azərbaycan Rusiya üçün böyük dəyərdir.
“Qeyd-şərtsiz demək istəməzdim, amma mənə elə gəlir ki, bizim göstərdiyimiz isti münasibət, Moskvanın mövqeyi Azərbaycanda da yaxşı qarşılanır və sizin üçün digər yox, məhz bu Moskvanı görərək yaşamaq daha rahatdır”, - deyə, o bildirib.